EN

Azərbaycan sona qədər bu mövqeyindən geri çəkilmədi

Hazırda diqqətlər Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasına yönəlib.

Xüsusilə, iclas hələ başlamamış nəzərlər Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putinin üzərində idi. Bunun da səbəbləri hər kəsə məlum idi.

Ötən ilin dekabrında baş verən təyyarə qəzası ilə Bakı-Moskva münasibətlərində yaranan “fırtına” səngimək bilmirdi. Eyni zamanda, son 9 ayda Rusiya-Azərbaycan münasibətlərində ciddi çatlar əmələ gəlmişdi. Bütün bunların fonunda İlham Əliyev-Putin görüşündə əsasən hansı məsələlərin müzakirə olunacağı ciddi maraq doğururdu. Amma bircə görüş kifayət etdi ki, ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyinin hər kəs şahidi olsun...

FİKRET

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi olaraq bu görüşdə bütün gözləntilərimiz özünü doğrultdu:

“İki ölkə arasında AZAL-ın təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması səbəbindən yaranmış gərginlik fonunda baş verənləri Rusiyada yaşayan və Rusiya ilə bağlı olub Azərbaycanda yaşayan minlərlə soydaşlarımız rahatsızlıqla izləyirdilər. Nə qədər rahatsız olsaq da, ortada Azərbaycanın bir dövlət kimi özünə hörmət kimi bir dəyəri sonadək qorunmaq haqqı var idi. Azərbaycan sona qədər bu mövqeyindən geri çəkilmədi. Son isə dünənki görüşdə baş tutdu. Rusiya prezidenti baş vermiş hadisəyə görə bir daha üzr istədi və istintaqın nəticələri başa çatdıqdan sonra avioqəzada həlak olmuş və ziyan çəkmiş insanlara kompensasiya ödəniləcəyini, habelə bu hadisədə günahkar olmuş vəzifəli şəxslərin cəzalandırılacağını bəyan etdi. Hər birimiz Putinin Azərbaycan Prezidenti İlham Əliyevə qəza ilə bağlı verdiyi açıqlamada tam səmimi olduğunu görə bildik.

Rusiya Azərbaycanla münasibətləri yüksək qiymətləndirir. Münaqişənin davam etdiyi müddətdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələri bir qədər də genişlənib. Bu faktı Putin də görüş zamanı etiraf etdi. Bu faktın özü iki ölkə arasında münasibətlərin hər hansı bir hadisə səbəbindən yaranmış siyasi gərginlikdən daha dərində olduğunun göstəricisidir.

Deməli, hadisədən ötən müddət ərzində hər kəs daha çox inanırdı ki, iki ölkə arasında yaranmış gərginlik tezliklə ölkə rəhbərləri tərəfindən nizama salınacaq. Dünən bu baş verdi”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
11
50
musavat.com

10Sources