"Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən son görüş iki ölkənin qarşılıqlı münasibətləri üçün böyük əhəmiyyət daşıyır. Çünki son bir il ərzində Azərbaycan və Rusiyanın münasibətləri gərginlik mərhələsində olub. İki dövlət arasında kifayət qədər ciddi ziddiyyətlər və qarşıdurma mühiti hökm sürüb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinin Tacikistanda baş tutan görüşündən danışarkən bildirdi.
"İki prezidentin nəhayət ki, bir araya gəlməsi Azərbaycan-Rusiya münasibətlərində ciddi şəkildə bir yumşalma mərhələsinə keçidi təmin edə bilər. Xüsusilə də Prezident Vladimir Putinin Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulmasını etiraf etməsi və buna görə də üzr istəməsi faktiki olaraq iki ölkə arasındakı mövcud problemlərin ən əsaslarından birinin aradan qaldırılmasını təmin etmiş kimi görünür. Bundan sonrakı münasibətlərin necə olacağı, böyük ehtimalla, Rusiya siyasi dairələrinin davranışlarından asılı olacaq".
Onun sözlərinə görə, problem məhz Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə məhdudlaşmır:
"Burada həm də Rusiyanın siyasi dairələrinin təlimatı ilə hüquq-mühafizə orqanlarının Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıqları və təzyiqləri də iki ölkə arasındakı narazılıqları ən yüksək həddə çatdırmışdı. Ümid etmək olar ki, Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında keçirilən bu son görüşdən və üzrxahlıq mövzusunun da gündəmə gəlməsindən sonra Rusiya siyasi dairələrində Azərbaycan diasporunun nümayəndələrinə qarşı təqib və təzyiq, eləcə də zorakılıq prosesinə təlimat verən dairələr də geri çəkiləcəklər. Bu proses də yekunlaşmış olacaq. Əgər bu məsələ həll olunsa, iki ölkə arasında ciddi problem qalmayacaq. Nəticədə Azərbaycan və Rusiya arasında iqtisadi, ticari münasibətlər davam etməklə yanaşı, iki ölkə arasında siyasi, diplomatik münasibətlər də normal məcraya qayıdacaq".
Aytəkin TOFİQQIZI