AZ

Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açılır?

AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaranmış, iki ölkə arasında diplomatik soyuqluq müşahidə olunmuşdu. Ötən gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı Putin ilk dəfə olaraq hadisənin Rusiyanın hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib. Bəs bundan sonra Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açılacaq?Politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında bildirib ki, AZAL təyyarəsinin vurulması, daha sonra Yekaterinburqda baş verən hadisələr və azərbaycanlılara qarşı münasibət ümumi olaraq bir gərginlik yaratmışdı. Ancaq Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə son görüşü, aparılan danışıqlar münasibətlərə təsir edib: “Əslində, bu münasibətlər gərgin olmalı da deyil. Axı biz əsrlərdir qonşuyuq və Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Onların taleyi bizim üçün önəmlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, münasibətlərdə gərginlik olanda bu, birbaşa insanlara – sadə vətəndaşlara təsir edir. Bütün bu amilləri nəzərə alaraq deyə bilərəm ki, Əliyev-Putin görüşündən sonra artıq vəziyyətdə müəyyən dəyişiklik müşahidə olunur. Mən demirəm ki, birdən-birə hər şey tamamilə yaxşı olacaq, amma münasibətlərdə müəyyən yumşalmaların olacağı açıq-aşkar görünür”.S.Hümbətov da münasibətlərin bərpası ilə bağlı gözləntilərin artdığını və tərəflər arasında gərginliyin aradan qalxdığını təsdiqləyib:“Bu gərginliyin yerini normal əlaqələrin qurulması ehtimalı tutur. Mən düşünürəm ki, bu, region üçün də müsbət nəticələr verə bilər. İkili münasibətlərin Cənubi Qafqaza, ümumilikdə Qafqaz regionuna təsiri danılmazdır. Buna görə də bu məsələyə daha praqmatik yanaşmaq lazımdır. Hisslərdən çox, məntiqli və realist addımlar atılmalıdır. Siyasətdə zaman-zaman enişlər və qalxışlar olur, bu normaldır. Münasibətlərin gərginləşməsi də, sonradan düzəlməsi də təbiidir. Amma düşünürəm ki, bu gün münasibətlərin normallaşmasına daha çox ehtiyac var, nəinki onların gərgin qalmasına və mən bu istiqamətdə irəliləyişin olacağını gözləyirəm”.Politoloq Elçin Xalidbəyli də öz açıqlamasında Vladimir Putinin üzr istəməsini olduqca önəmli bir addım kimi dəyərləndirib:“Bu hadisə, Azərbaycan-Rusiya münasibətlərində gərginliyin başlanğıc nöqtələrindən biri olmuşdu və indi bu məsələ ilə bağlı böyük ölçüdə anlaşmanın əldə olunduğu görünür. Yəni, problem müəyyən mənada həll olunmuş hesab edilə bilər. Prezident Putinin üzr istəməsi, Azərbaycan-Rusiya münasibətlərinin daha normal məcraya qayıtması baxımından həlledici xarakter daşıyır”. Politoloq burada vacib bir məqamın da mövcudluğunu qeyd edib:“Bu addım təkcə iki ölkə liderlərinin münasibətlərinə deyil, həm də Rusiya siyasi idarəçilik sisteminə birbaşa təsir göstərməlidir. Əgər Rusiya daxilində eyni mövqe və yanaşma nümayiş olunmasa, sadəcə prezidentlərin görüşərək münasibətlərin normallaşdığını bəyan etməsi kifayət etməyəcək. Çünki hazırda Rusiyada azərbaycanlılara qarşı ciddi təzyiq və zorakılıq halları mövcuddur. İki ölkə arasında münasibətlərin tam şəkildə normallaşması üçün Rusiya idarəetmə sistemində bu cür halların birdəfəlik dayandırılması vacibdir. Bu da prosesin önəmli tərkib hissəsidir. Bütün hallarda, Prezident Putinin üzr istəməsi və Azərbaycan Prezidenti ilə iki ölkə arasındakı problemləri müzakirə etməsi, mövcud gərginliyin böyük ölçüdə aradan qalxdığını göstərir”.Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.


Seçilən
15
50
metbuat.az

10Mənbələr