Azərbaycan və Rusiya liderlərinin Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüşü rəsmi Bakının yürütdüyü diplomatiyanın daha bir uğuru kimi əlamətdar oldu. Burada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında baş tutan görüş iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
Görüşün əsas mövzularından biri təbii ki, 2024-cü ilin dekabrında baş vermiş faciəvi hadisə ilə bağlı idi. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması nəticəsində 38 nəfər həyatını itirmiş, bu faciə Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginliyə səbəb olmuşdu. Azərbaycan tərəfi Rusiyanı bu hadisəni ört-basdır etməyə çalışmaqda və sübutları gizlətməyə cəhd etməkdə ittiham etmişdi.
Putin ilk dəfə olaraq Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf etdi və məsuliyyəti öz üzərinə götürdü. Azərbaycan prezidenti Rusiyanın bu addımını müsbət dəyərləndirərək, hadisənin obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğuladı, bu məsələnin gələcəkdə belə faciələrin qarşısının alınması üçün nümunə olmasını arzuladığını bildirdi. Beləliklə, görünən odur ki, Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifənin açılmasına və iki ölkə arasında qarşılıqlı etimadın bərpasına xidmət edəcək. Gələcəkdə bu cür görüşlərin daha da intensivləşdirilməsi, regional sabitliyin təmin olunması və hər iki ölkənin maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.Məsələ bu konkestdə nəzər salan “Exo Kavkaza” portalı yazır: “Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə AZAL sərnişin təyyarəsinin Rusiya raketləri ilə vurulduğunu etiraf edib. Bu, kompensasiya və hüquqi nəticələr baxımından bütün sonrakı nəticələrlə, o cümlədən Moskva tərəfindən hərəkətlərinə hüquqi qiymət veriləcək vəzifəli şəxslərlə bağlı məsələni özündə ehtiva edir. Ola bilsin ki, Bakının tələblərinə daha çox uyğun gələn bu kompromis formulası, demək olar ki, MDB liderlərinin sammiti açılana kimi müzakirə olunub, ona görə də Putinlə Əliyev arasında görüşün təsdiqi onun başlamasına bir neçə saat qalmış gəlib. Bu, çox güman ki, Çində təfərrüatı ilə tam razılaşdırıla bilməyən düsturdur. Amma bu, ötən ilin dekabrında Qroznı səmasında vurulan və Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin vurulmasından sonra formal olaraq başlayan münaqişənin həlli üçün ilk cəhd deyildi. Moskva öz məsuliyyətini açıq şəkildə etiraf etməkdən imtina etdi və üzrxahlığında Putin raketləri xatırlatmaqdan yayındı, mövqeyini Rusiyanın səmasında baş verən faciə haqqında danışmaqla məhdudlaşdırdı. Bakını bu format qane etmədi; mübahisə böyüdü və yüksək vəzifəli şəxslər susdular. Yazda Əliyev Moskvada 9 may paradına dəvəti qəbul etsə də, son anda bu səfərdən imtina edəndə barışıq mümkün görünürdü. Ola bilsin ki, kompromis detalları tam razılaşdırılmayıb, Bakı bunu nümayiş etdirirdi ki, çoxdankı ənənənin əksinə olaraq, barışıq qrafikləri indi Moskvada deyil, elə Bakıda tərtib edilir. Və bəlkə də bu, bütün hekayənin əsas süjetini verir. Belə uzanan münaqişənin səbəbi Bakının mövqeyinin sərtliyi deyil. Daha doğrusu, bu, dəyişən situasiyanın nəticəsidir. Azərbaycanın xarici siyasətinin əsası Heydər Əliyevdən bəri güc mərkəzləri - Rusiya və Qərblə bərabər məsafəni qoruyub saxlayır. Azərbaycanın son on ildə Rusiya ilə yaxın münasibətləri həm praqmatik, həm də subyektiv müxtəlif amillərin məcmusudur ki, bu da öz ənənəsinə görə kifayət qədər obyektiv xarakter alır. Moskva ilə Bakı arasındakı münasibətlər çoxdan xüsusi olub, o dərəcədə ki, Azərbaycan Rusiyada istənilən rejim üçün - istər çar, istər sovet, istərsə də rus - Qafqazda ən böyük mükafat olub. Ona görə də münasibətlər həmişə inzibati prinsiplər üzərində qurulmayıb. Böyük ölçüdə son illərin yaxınlaşması sayəsində Bakı tarixi məqsədə nail ola bildi: nəhayət, ərazi bütövlüyü məsələsini həll etdi. Bununla yanaşı, Bakı xarici siyasət çəkisini o dərəcədə artıra bildi ki, onun sadəcə bir hissəsinə çevrilmiş tanış Cənubi Qafqazdan çox-çox geniş bir regionda ciddi oyunçuya çevrildi.
Moskva bu tendensiyalardan aydın şəkildə xəbərdar idi, lakin onlara müqavimət göstərməyə çalışırdı, çünki Bakının şərtləri ilə razılaşmaq təkcə günahın etirafı deyil, həm də münasibətlərin yeni formatının rəsmi şəkildə tanınması demək idi. Bu, Moskva üçün xüsusilə ağrılıdır, çünki presedent yarada bilər. Bütün bunların Düşənbədə, Mərkəzi Asiyada baş verməsində xüsusi simvolizm var ki, burada yeni format yavaş-yavaş, lakin mütləq müəyyənedici formata çevrilib. Prosesdə yenə Azərbaycan mühüm rola malikdir”. Bu arada onu da qeyd edək ki, Azərbaycan hər zaman bütün qonşularla, o cümlədən Rusiya ilə mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması kursuna sadiq olub. Bu ölkəmizin xarici siyasətinin prioritetini təşkil edib. Düşənbədə baş verənlər onu deməyə əsas verir ki, Rusiya da Azərbaycanın haqlı mövqeyini qəbul edir. Gözlənilir ki, Rusiya–Azərbaycan münasibətləri əvvəlki səviyyəsinə qayıdacaq. Moskva Bakının Cənubi Qafqazda sülh təşəbbüslərini dəstəkləyir, Azərbaycan isə Rusiyanı regionun təhlükəsizlik sistemində vacib tərəfdaş kimi qəbul edir. Hər iki tərəf göstərdi ki, strateji tərəfdaşlıq təkcə iqtisadi və siyasi maraqlar deyil, həm də qarşılıqlı anlayış, diplomatik mədəniyyət və uzunmüddətli etimad üzərində qurulub. Ümumiyyətlə, Rusiya–Azərbaycan münasibətləri regionda sabitliyin qorunması üçün vacib dayaqlardan biridir.
Samirə SƏFƏROVA