"Prezident İlham Əliyevlə Prezident Vladimir Putinin Düşənbədə keçirilən rəsmi görüşü bir neçə mühüm elementi ilə xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilir. 2024-cü ilin dekabr ayında baş vermiş AZAL təyyarəsinin qəzasından sonra iki ölkə arasında, xüsusilə informasiya müstəvisində müəyyən soyuqluğun müşahidə olunduğu diqqətdən qaçmadı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə təkbətək keçirdikləri görüşdən danışarkən bildirdi.
"Təxminən on ay davam edən bu gərginlik dövründə Azərbaycan tərəfinin haqlı olaraq ünvanladığı vacib suallara Rusiya tərəfindən uzun müddət cavab verilmədi. Əksinə, Rusiyadakı bəzi ideoloji mərkəzlərə bağlı informasiya platformalarında anti-Azərbaycan yönümlü narrativlərin tirajlanmasına cəhdlər edildi. Həmin mərkəzlərin bir qismi Aram Qabrielyan, Marqarita Simonyan, Vladimir Solovyov və Konstantin Zatulin kimi ermənipərəst mövqedə dayanan şəxslər tərəfindən idarə olunurdu. Onların məqsədi Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək və iki ölkə arasında qarşılıqlı etimadı sarsıtmaq idi. Lakin Azərbaycan bu informasiya və ideoloji təxribatlara soyuqqanlı şəkildə yanaşdı, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq suallarını hüquqi çərçivədə ünvanladı. Rusiya tərəfi isə uzun müddət bu suallara cavab verməkdən yayınır, bəzən də məsələyə aidiyyəti olmayan fikirlər səsləndirirdi", - deyə o xatırlatdı.
Deputat qeyd etdi ki, 10 aylıq fasilədən sonra baş tutan görüş iki ölkə münasibətlərində dönüş nöqtəsi oldu.
"Vladimir Putin görüş zamanı AZAL təyyarəsinin qəzası ilə bağlı məsuliyyəti etiraf edərək, hadisənin Rusiya səmasında baş verdiyini və buna görə üzrxahlıq etdiyini bildirdi. O, həmçinin dünyasını dəyişmiş şəxslərin ailələrinə başsağlığı verdiyini vurğuladı və bu fikirləri bir daha təkrarladı. Putin çıxışı zamanı istintaqın yekunlaşmaq üzrə olduğunu, əldə edilən məlumatlara əsasən, təyyarənin iki raket zərbəsi nəticəsində vurulduğunu açıqladı. O, məsuliyyətin Qroznıda yerləşən hava müdafiə sistemlərinin fəaliyyətsizliyi ilə əlaqəli olduğunu qeyd etdi. Eyni zamanda, günahkarların cəzalandırılacağını və zərərçəkən ailələrə təzminat ödəniləcəyini bildirdi. İlham Əliyev isə çıxışında iki ölkə arasında təmasların heç vaxt tam kəsilmədiyini, ən yüksək səviyyədə əlaqələrin davam etdiyini vurğuladı. O, strateji müttəfiqlik münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini, xüsusilə iqtisadi göstəricilərdə və əmtəə dövriyyəsində artımın müşahidə olunduğunu qeyd etdi. Rusiya tərəfi də öz növbəsində Azərbaycanla strateji müttəfiqlik münasibətlərinin inkişafını vacib hesab etdiyini bəyan etdi".
Müsahibimizin fikrincə, mövcud geosiyasi şəraitdə Azərbaycan üzərindən həyata keçirilən bir sıra regional layihələrdə Rusiyanın iştirakı mühüm əhəmiyyət daşıyır.
"Düşənbə görüşü bu mənada iki ölkə arasında münasibətlərin tam normallaşdırılması istiqamətində atılmış vacib addım kimi qiymətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, istintaq obyektiv şəkildə aparılır və bu prosesə şəxsən Vladimir Putinin nəzarət etdiyi qeyd olunur. İstintaq yekunlaşdıqdan sonra günahkarların cəzalandırılması və təzminatın ödənilməsi gözlənilir. Bu hadisə iki dövlət arasında mövcud gərginliklərin aradan qaldırılmasına və münasibətlərin tam şəkildə normallaşmasına zəmin yaradacaq", - deyə Azər Allahverənov yekunlaşdırdı.
Xədicə BAXIŞLI