Bu aylar ərzində baş verənlər əlbəttə, tezliklə unudulmayacaq, eləcə də zədələnmiş etimad mühitinin bərpa etmək zaman aparacaq
İstənilən ölkənin siyasətini təhlil edərkən, unutmaq lazım deyil ki, dövlət insan deyil, yəni bir sifəti yoxdur, olmamalıdır da. Bəzi dövlətlər illərlə düşmənçilik aparırlar, amma tarixləri ilə maraqlananda məlum olur ki, ya çox yaxın olublar, ya da çox dartışıb, çox savaşıb, sonra yenə anlaşıblar. Ona görə bu kimi mövzularda “bəs nə oldu” kimi suallar artıqdır, daha doğrusu, peşəkar yanaşma deyil. Siyasətdən uzaq biri üçün bu cür anlaşmalar suallar doğura bilər, amma əvvəl gündən də bəlli idi ki, iki ölkə lideri danışıqlar masası arxasına keçəndə gərginliklər səngiyəcək, dövlətlərarası münasibətlər tədricən öz axarına düşəcək.
Bəllidir ki, siyasi düşərgədəki gərginlik bu 10 ayda iqtisadi əlaqələrə xələl gətirməyib. Məhz Rusiya hakimiyyətində iqtisadi sahəyə məsul olanlar bu aylar ərzində öz təmkinlərini qorudular, münasibətlərin qırılmamasına çalışdılar. “Putini onlar yola gətir” demək sadəlövhlük olardı, amma prosesləri izləyənlər bilir ki, iqtisadi komanda üzvləri Azərbaycanın Rusiya üçün önəmini dəfələrlə vurğulayıblar, siyasi münasibətlərin də tezliklə yumşalacağına ümidli danışıblar.
Aylardır davam edən informasiya kirliliyi və Azərbaycana yönəlik anti-təbliğat kampaniyası olmaya da bilərdi. Prezident Putin yanılmıramsa, AZAL təyyarəsinin vurulmasından 3 gün sonra(ötən ilin dekabr ayının 28-də) Təhlükəsizlik Şurasının iclasını keçirmiş, toplantıdan sonra isə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək üzrxahlıq etmişdi. Tərəflər faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılmasını, eləcə də günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə etmişdilər. O zaman belə rəy yaranmışdı ki, böhrana dərhal prezident Putin səviyəsində reaksiya verildiyi üçün Rusiya “ziyanın yarısından qayıtdı” və sairə. Amma təəssüf ki, bu gərginlik nə az, nə çox, təxminən 10 ay, Düşənbədə görüşədək davam etdi.
Putin AZAL təyyarəsinin vurulması haqda məlum zəngdən sonra bir daha publik olaraq bu barədə danışmadı. Prezident Əliyev isə Rusiyanın bu qəzada məsuliyyəti haqda bir neçə dəfə açıqlama verdi. Məsələn, qəzadan 7 ay sonra Şuşa beynəlxalq media-forumunda dövlət başçsısı xüsusi vurğuladı ki, qəzadan ötən müddətdə Rusiya rəsmilərindən heç bir cavab verilməyib. Dövlət başçısı bu vəziyyəti qəbuledilməz adlandıraraq Rusiya ilə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcəyini də demişdi . Prezidentin həmin çıxışında çox mühüm bir məqam da vardı. İlham Əliyev demişdi ki, Malayziya təyyarəsinin vurulmasının araşdırılması 10 il zaman apardı, Azərbaycan da bu qədər gözləyə bilər. “Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır”. Bu qısa cümlənin açması da sadə idi: Azərbaycan ədalətin bərpası üçün 10 il də hüquqi mübarizə apara bilər. Məhz bu prinsipial mövqedən sonra Rusiyadan Azərbaycana və Prezidentə qarşı qarayaxma kampaniyaları daha da şiddətləndi. Yuxarıda xatırladığımız təxribatçı dairələr İlham Əliyevin həmin tədbirdə “Ukrayna işğalla barışmamalıdır” mövqeyini də qabardaraq, Azərbaycana qarşı “hərbi müdaxilə”, “cəza tədbirləri görülməsi” kimi debil çağırışlar etdilər.
Məlumatlara görə, Putin-Əliyev görüşündən sonra dövlətlərarası münasibətlərdə gözlənilən istiləşməyə baxmayaraq, Rusiyanın ictimai rəyə təsiri olan bəzi politoloqları, analitikləri anti-Azərbaycan təbliğatını dayandırmayıblar. Əksinə, bu dəfə Putinin özünü də hədəfə çıxarır, ittiham edirlər.
Ukrayna müharibəsinin davam etdiyi bu illərdə Rusiya ideoloji olaraq sarsıntı içərisindədir. Ukraynadakı qardaş qırğını, slavyanların bir-birinin qanına susaması gerçəyi dərin psixoloji sarsıntıları yaradıb. Aydındır ki, müharibə səbəbindən rus cəmiyyətini ayaqda saxlamaq üçün dövləti “yeni rejimə kökləmək” lazım gəldi. O halda, Rusiya hakimiyyəti əsrlərin sınağından keçmiş rus cəmiyyətinin “sarı sim”inə toxunmağa, rusların “bizi dövlət olaraq məhv etmək istəyirlər mozolu”na daha sərt basmağa başladı. Ölkəmizə qarşı təbliğatda bu xətt yeridilirdi: guya Bakının sərt ritorikası təyyarə olayı ilə bağlı deyil, əslində Azərbaycan İngiltərə ilə birgə Rusiyaya qarşı siyasət yeridir, Türkiyəyə güvənərək Moskva qarşısında üzr istəmək, kompensasiya kimi tələb qoyur, qəzadan sonra NATO- ilə əlaqələri iki dəfə gücləndirib və s. O yalan havasından çıxmaq asan olmayacaq.
Ötən ilin dekabrından AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə davam edən gərginlik günlərin birində anlaşma ilə yekunlaşacaqdı. Bu aylar ərzində baş verənlər əlbəttə, tezliklə unudulmayacaq, eləcə də zədələnmiş etimad mühitinin bərpa etmək zaman aparacaq. Etiraf etmək lazımdır ki, hər iki ölkədə bu münasibətlərin gərginlik xəttində qalmasını istəyənlər var. Azərbaycan hakimiyyətinin bu prosesə müəyyən nəzarət mexanizmi var, Rusiyada isə bu, asan deyil. Üstəlik, Ukrayna ilə müharibə səbəbindən mərkəzdənqaçma meylləri var, bəzi oliqarx qruplar və onlara bağlı media, eləcə də muzdlu politoloqlar, siyasətçilər, hətta Dumanın deputatları bu aylar ərzində Azərbaycana kin qusdular, “münasibətlər nə qədər pis olsa, o qədər yaxşıdır” prinsipi ilə işlədilər. Bu əslində, Putinin və Rusiyanın mövqelərini zəiflətmək xətti idi. Oktyabrın 8-dəki Düşənbə görüşündən sonra Rusiya-Azərbaycan münasibətləri qaldığı yerdən davam etmək qərarı verildi. Ümid edək ki, Rusiya hakimiyyəti bu talesiz hadisədən nəticələr çıxarıb...
Nazim SABİROĞLU,
Musavat.com