Azərbaycan diplomatiyasının və milli maraqlarımızın beynəlxalq müstəvidə qəbul olunmasının daha bir nümunəsinin şahidi olduq. Rusiya səmasında vurulan Azərbaycan təyyarəsindən sonra gərginlik və qarşılıqlı ittihamlarla müşahidə olunan Azərbaycan-Rusiya münasibətlərində rəsmi Bakının mövqeyi qəbul olundu.
Bir ilə yaxın bir zaman idi ki, təyyarəmizin Rusiya səmasında raketlə vurulmasına dair çoxsaylı təkzibolunmaz fakt ortaya qoyulur, ancaq bununla bağlı Rusiya tərəfinin susması, Azərbaycan tərəfinə üzrxahlıq etməməsi cəmiyyətimizdə ciddi narazılıq doğururdu. Bu gərginlik heç bir formada Bakıdan qaynaqlanmırdı. İlk gündən rəsmi Bakı bildirmişdi ki, biz bütün dünya xalqları və dövlətləri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq.
Rusiya tərəfdən qaynaqlanan və münasibətləri arzuolunmaz istiqamətdə aparan hazırkı situasiya maraqların uzlaşması və qarşılıqlı hörmət əsasında başa çatması üçün Azərbaycan tərəfi öz haqlı mövqeyindən bir addım da geri çəkilmədən qonşuluq münasibətlərini qorumaq üçün hər şey etdi. Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu, xüsusilə Azərbaycan Prezidenti böyük qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Nəhayət Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən və ölkəmizin haqlı tələblərini yerinə yetirməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə üzrxahlıq etsin, gərəkən təzminatı üzərinə götürsün. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və öz məqsədinə nail oldu.
Düşənbədə keçirilən Əliyev–Putin görüşü Azərbaycan və Rusiya arasında münasibətlərin tam normallaşması istiqamətində dönüş nöqtəsi oldu. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə bağlı bir daha üzr istədi, məsuliyyətin paylaşılmasına dair açıqlama verdi və hadisəyə görə kompensasiya ödənilməsi, günahkarların cəzalandırılması kimi Azərbaycanın haqlı tələblərini qəbul etdi. Azərbaycan məqsədinə nail oldu! Bu, diplomatik mübarizənin və milli maraqlara əsaslanan siyasi liderliyin real nümunəsidir. Azərbaycan hadisəni beynəlxalq hüququn və siyasi etikanın kontekstində idarə etməklə, həm dövlət nüfuzunu qorudu, həm də regionda güc və ədalət arasında tarazlıq modelinin tətbiqinin mümkünlüyünü ortaya qoydu.
Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti 200 illik tariximizdə dövlət və millət adına daha bir qürur anına imza atdı. Məsələ, Rusiya ilə münasibətlərin yoluna qoyulmasında deyil. Arxada qalan aylar onu göstərdi ki, Azərbaycan istənilən dövlətə qarşı öz haqlı mövqeyindən geri çəkilməmək gücündə və qətiyyətindədir. Amma 200 illik tariximizdə Rusiyanın inadından çəkilərək Azərbaycan liderinin və onun simasında xalqımızın iradəsini qəbul etməsi gerçəkdən tariximizin qürur nöqtəsidir.
Təbii ki, artıq münasibətlərin gərginlik mərhələsini arxada qoyduğumuzu deyə bilərik və düşünürəm ki, bundan sonrakı proseslərdə günü-gündən olan gərginlik aradan qalxacaq.
Rusiyada azərbaycanlılara qarşı təzyiq metodları dayandırılacaq, siyasi təzyiq metodlarından istifadə olunmayacaq. Bu, sevindirici haldır. Ümid edirəm ki, artıq problemlər arxada qaldı və günü-gündən münasibətlərin yaxşılaşmasının şahidi olacağıq. Amma ən önəmlisi odur ki, Azərbaycan müstəqil siyasət yeritdi, tələb qoydu, beynəlxalq hüququn həyata keçirilməsini istədi və hər şey Azərbaycanın istədiyi kimi oldu.
Fəzail İBRAHİMLİ
Milli Məclisin deputatı