AZ

Erlinq Haland üçün 150-ci və 35 000-ci qol – ARENA.AZ

İngiltərə Premyer Liqasının 21-ci turunun “Brayton”la ev oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, norveçli futbolçu 1:1 hesabıyla başa çatmış bu oyunda komandasının yeganə qoluna imza atıb.

Qarşılaşmanın 41-ci dəqiqəsində penaltidən fərqlənmiş 25 yaşlı forvard İngiltərə Premyer Liqasında 35 000-ci qolun müəllifi olub.

Haland həm də “şəhərlilər”in heyətində vurduğu qolların sayını 150-yə çatdırıb. Erlinqə 150 qol üçün bütün yarışlarda 173 oyun lazım olub.

Norveçli hücumçu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 21 oyunda 20 qola imza atıb. O, hazırda bombardirlər siyahısına başçılıq edir.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 25 qol vurub, 4 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 169 oyun, 149 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
67
10
arena.az

10Mənbələr