Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 18-ci turunda “Alkmar”la qarşılaşıb.
“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ozan bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
Ardıcıl 5 oyundur uduzan “Volendam” 18 turdan sonra 14 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Ozan bu oyunların 17-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.
