Futbol üzrə Qana yığma komandasının və İngiltərənin “Tottenhem” klubunun cinah hücumçusu Məhəmməd Kudus sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumata görə, qanalı vinger Premyer Liqada “Sanderlend”ə qarşı keçirilmiş son oyunda bud nahiyəsindən əzələ zədəsi alıb. Ətraflı müayinələrdən sonra futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Klubdan bildirilib ki, Kudusun yaşıl meydanlara qayıdışı yalnız mart ayının sonuna, milli komandaların oyunları üçün yaranacaq fasilədən sonraya təsadüf edəcək.
Xatırladaq ki, “Tottenhem” Məhəmməd Kudusu 2025-ci ilin yayında “Vest Hem”dən 63,8 milyon avro müqabilində heyətinə qatıb. 25 yaşlı vingerin London klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, cari mövsümdə “Tottenhem”in heyətində bütün rəsmi turnirlərdə 26 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Məhəmməd Kudus daha öncə “Ayaks”, “Vest Hem” və “Nordsyelland” kimi klubların da şərəfini qoruyub.
Kudus Qana yığmasında da 46 matça çıxıb, 13 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.
