Bir neçə gün öncə “Beşiktaş”dan azad agent kimi ayrılmış türkiyəli qapıçı Mert Günok sabiq klubu “Fənərbağça”ya qayıdıb.
Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.
“Fənərbağça” öz yetirməsi olan 36 yaşlı qolkiperlə 2,5 illik müqavilə imzalandığını bəyan edib.
Xatırladaq ki, peşəkar karyerasına “Fənərbağça”da başlamış Mert bu komanda ilə birlikdə 2 dəfə Super Liqanın, 2 dəfə Türkiyə Kubokunun, 2 dəfə Türkiyə Super Kubokunun qalibi olub.
Karyerası ərzində “Bursaspor” və “Başakşəhər”in də formalarını da geyinmiş Mert “Başakşəhər”lə Super Liqa çempionluğuna sevinib.
Mert Günok 2021-ci ilin yayından “Beşiktaş”da çıxış edirdi. O, “qara qartallar”la birgə 2 dəfə Türkiyə Super Kubokunun, 1 dəfə Türkiyə Kubokunun qalibi olub.
Mertin “Fənərbağça”ya qayıdışından sonra İstanbul təmsilçisi digər qapıçılarından birini – İrfan Can Eyribayatı icarəyə verib. Qolkiper mövsümün sonuna kimi “Samsunspor”da çıxış edəcək. Bu barədə Samsun təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Super Liqa klubu mövsümün sonunda 1,2 milyon avro ödəməklə qapıçının transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, 27 yaşlı qapıçı bu mövsüm “Fənərbağça”da 6 oyuna çıxıb və 7 qol buraxıb.
Günokla vidalaşmış “Beşiktaş” da gənc futbolçusu Yakup Arda Kılıçı da mövsümün sonuna kimi icarəyə vermək qərarına gəlib. 21 yaşlı vinger mövsümün sonuna qədər “Karşıyaka”da icarədə olacaq.
“Beşiktaş”ın öz yetirməsi olan Yakup Arda əsas komandanın heyətində indiyə qədər 4 rəsmi oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Cinah hücumçusu cari mövsümün ilk yarısını icarə əsasında Serbiyada keçirib.
