Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 12-ci turuna start verilib.
Arena.az xəbər verir ki, 2026-cı ilin ilk oyunları B qrupu çərçivəsində keçirilib.
Günün ilk matçında, Quba Olimpiya İdman Kompleksində “Ordu” “Quba”nı 116:111 hesabı ilə üstələyib.
Növbəti görüşdə isə “Lənkəran” “Sərhədçi” üzərində 72:69 hesablı qələbə qazanıb. Bu matç “Sərhədçi” İdman Mərkəzində keçirilib.
12-ci tura yanvarın 11-də yekun vurulacaq.
A qrupu: Abşeron Lions – 21. Sabah – 19. Gəncə – 15. Neftçi – 14. Şəki – 13. NTD – 11.
B qrupu: Ordu – 24. Naxçıvan – 19. Sərhədçi – 16. Quba – 16. Lənkəran – 16. Sumqayıt – 14.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
