AZ

Qara Qarayev karyerasını bitirdi, U-21-də işə başladı – ARENA.AZ

Bir müddət əvvəl “Araz-Naxçıvan”dan ayrılan Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Qara Qarayev peşəkar karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 33 yaşında oyunçu karyerasını bitirmiş Qara bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib. Qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.

AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.

Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.

Qara ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. O, cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyuna çıxmışdı. Qara “Araz-Naxçıvan”ın heyətində bütövlükdə 37 oyun keçirsə də, qol və məhsuldar ötürmə müəllifi olmayıb.

Qarayev “Qarabağ”da (445 oyun, 5 qol, 15 assist) və “Neftçi”də (28 oyun, 1 qol, 2 assist) çıxış edib. O, Azərbaycan milli komandasının heyətində də 77 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
6
arena.az

10Mənbələr