“Çelsi”nin 20 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçisi Leo Kasldayn bundan sonra “Midlsbro”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Çelsi” Kasldayna verdiyi töhfələrə görə təşəkkür edib və yeni karyera mərhələsində ona uğurlar arzulayıb: “Leoya “Çelsi”nin inkişafına qatqısı üçün təşəkkür edirik və ona yeni komandasındakı karyerasında uğurlar arzulayırıq”.
İngiltərəli yarımmüdafiəçi Çempionşip təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Transferin digər detalları açıqlanmayıb.
Leo Kasldayn “Çelsi”inin məzunudur. Yarımmüdafiəçi icarə müqaviləsi əsasında “Şrusberi Taun”da və “Haddersfild Taun”da da çıxış edib. O, London klubunun əsas komandasında cəmi 1 oyun keçirib.
Kasldayn İngiltərənin U-15, U-16, U-17, U-18 və U-19 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.
Gənc futbolçu futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermark” internet-portalı 20 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 1,1 milyon avro məbləğində qiymətləndirir.
