Mərakeş millisinin və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Brahim Dias Afrika Millətlər Kubokunun tarixinə düşüb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu turnirin final mərhələsində ardıcıl 5 oyunda qol vuran ilk futbolçu olub.
Dias Mərakeş yığmasının məhz bu ölkədə təşkil edilmiş hazırkı Afrika Millətlər Kubokuda keçirdiyi bütün oyunlarda fərqlənib. O, qrup mərhələsində Komor adalarına (2:0), Maliyə (1:1) və Zambiyaya (3:0) qarşı matçların hərəsində bir qol vurub. Yarımmüdafiəçi 1/8 finalda Tanzaniyanın qapısına yol tapıb (1:0), 1/4 finalda isə Kameruna qarşı keçirilən oyunda (2:0) fərqlənib.
Diasın bu məhsuldar seriyası Mərakeşin yarımfinala yüksəlməsinə böyük töhfə verib. Yarımfinalda komanda Nigeriya millisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Brahim Dias “Malaqa”da futbola qədəm qoyub. Buradan “Mançester Siti” akademiyasına yol tapmış Brahim 2019-cu ilin yanvarında “Real” tərəfindən alınıb. “Kral klubu” Diası bir müddət “Milan”da icarədə oynadıb və tərəqqi etmiş futbolçusunu 2023-cü ilin yayında yenidən heyətinə qaytarıb.
Dias cari mövsümdə “Real”ın heyətində 18 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi Madrid klubunda bütövlükdə 139 oyun keçirib, 21 qol və 23 məhsuldar ötürmə edib.
Brahim Diasın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, “Milan”la İtaliya A Seriyası çempionluğu, “Real”la UEFA Çempionlar Liqası, İspaniya La Liqası çempionluğu (2 dəfə), İspaniya Super Kuboku (2 dəfə) var.
Brahim Malaqada (İspaniya) anadan olub, amma valideynləri mərakeşəsillidirlər. Dias İspaniya yığmasının heyətində cəmi 1 yoldaşlıq oyunu keçirib. 2021-ci ilin iyun ayının 8-də Dias Litva yığması ilə yoldaşlıq oyununda meydana çıxıb və “qırmızı qəzəb”in 4:0 hesabı qalib gəldiyi oyundan qollardan birinin müəllifi olub. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış yarımmüdafiəçi 2024-cü ilin martından Mərakeş millisində oynamağa başlayıb. O, bu komandanın heyətində 20 oyuna çıxıb, 13 qol vurub, 2 assist edib.
“Transfermarkt” internet-portalı 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
