Niderland nəhəngi “Ayaks”ın mərkəz yarımmüdafiəçisi Kennet Teylor bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı oyunçu ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Latsio” bu transfer üçün 16,85 milyon avrosundan keçib. Yarımmüdafiəçi yeni komandasında 24 nömrəli formanı geyinəcək.
“Ayaks”ın yetirməsi olan Kennet Teylor cari mövsümdə keçirdiyi 19 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, ümumilikdə bu komandanın heyətində 184 oyuna çıxıb, 36 qol vurub və 27 məhsuldar ötürmə müəllifi olub.
Niderlandın U-15, U-16, U-17, U-18, U-21 yığmalarında da oynamış Kennet 2022-ci ildə debüt etdiyi əsas millinin heyətində 5 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 23 milyon avro məbləğində qiymətləndirir.
