AZ

Serxio Ramos “Monterrey”i tərk etdi – ARENA.AZ

Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının keçmiş mərkəz müdafiəçisi Serxio Ramos Meksikanın “Monterrey” klubundan ayılıb.

Arena.az xəbər verir ki, bu barədə 39 yaşlı müdafiəçi sosial şəbəkə hesablarında paylaşım edib.

O, “Toluka”ya 2:3 hesabı ilə uduzduqları matçın onun üçün sonuncu olduğunu bildirib:

“Bu, mənim Meksikadakı sonuncu oyunum idi. Məyusuq, amma vicdanımız rahatdır. Meydanda əlimizdən gələni etdik. Dəstəyə görə hamıya təşəkkür edirəm. İrəli, “Monterrey”!

Xatırladaq ki, “Monterrey” bu il Serxio Ramosla müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. İspan futbolçu “Monterrey” üçün bütövlükdə 32 oyun keçirib, 7 qol vurub.

Ramos “Sevilya”nın məzunudur və Əndəlüs komandasının heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 50 oyun keçirib, 3 qol vurub. Təcrübəli futbolçu 18 ildən sonra, 2023-cü ilin sentyabr ayında doğma klubuna qayıtsa da, 2024-cü ilin yayında “Sevilya”dan ayrılıb. Veteran müdafiəçinin “Sevilya”nın heyətində çıxışının ümumi mənzərəsi 87 oyun, 10 qol, 1 məhsuldar ötürmədən ibarətdir.

Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçib. Ramos karyerasının ən məhsuldar dövrünü Madrid klubunda keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. “Kral klubu” ilə Ramos 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Serxio Ramos “Real”dan ayrılandan sonra Fransa nəhəngi PSJ-də çıxış edib. Ramos 2021-2023-cü illər aralığında Fransa nəhənginin heyətində 58 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.

Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
57
8
arena.az

10Mənbələr