AZ

Qurbanov: “Komandaya bir neçə oyunçu cəlb etmək istəyirik” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayaks”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Qurban Qurbanov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən komanda var. İlk qələbələrini qazanmaq istəyəcəklər. “Ayaks”ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odur ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu oynayaq. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib təkbətək oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdir. Biz də azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq.

İstənilən komandanın xalı çox ola və ya olmaya bilər. Biz də ÇL-in Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. “Ayaks”a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Düzgün və intizamlı oynamalıyıq. Unutmamalıyıq ki, qarşımızda “Ayaks” var.

Niderland mətbuatının bu oyunda “Qarabağ”ı favorit göstərməsinə bir azərbaycanlı kimi sevinə bilərəm. “Qarabağ”ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmamalıdır. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir”.

“Yaxşı klublardan bizim oyunçulara təklif olarsa…”

Qurban Qurbanov qışda heyəti qorumağa çalışacaqlarını da vurğulayıb:

“İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemlər müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun”.

Seçilən
11
3
arena.az

10Mənbələr