“Qarabağ”ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayaks”a qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.
Mateus Silva matçdan öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizi sabah çox ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.
Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.
UEFA Çempionlar Liqasında bütün oyunlar əhəmiyyətlidir. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.
Ötən mövsüm “Ayaks”a böyük hesabla (0:3) uduzmuşduq. Amma bir sözü deyə bilərəm ki, bu dəfə vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik”.
Mateus Silva adının “Flamenqo” ilə birgə hallanmasına da münasibət bildirib:
“Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimizi yayındırmamalıyıq. Düşünmək üçün vaxtımız var. Missiyamızı başa vurmalıyıq”.
