Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ klubu “Kolumbus Kru” baş məşqçisi Henrik Ridström ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Baş menecer İssa Tall 50 yaşlı mütəxəssisin işdən çıxarıldığını açıqlayıb. Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.
Xatırladaq ki, daha öncə “Kalmar”, “Sirius”, “Malmö” kimi klublarda çalışmış Henrik Ridström 2026-cı ilin yanvarından “Kolumbus Kru”ya rəhbərlik edirdi. O, bu komandanı cəmi 16 oyuna çıxarıb, 5 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət görüb.
“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 14 oyundan sonra 13 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Nərimanın komandası 14 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 8 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
