Bakı, 9 dekabr, AZƏRTAC
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanlardan biri ölüb.
Bu barədə AZƏRTAC-a Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərkəzin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb.
13:44
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Partlayış nəticəsində sahəsi təxminən 12 kvadratmetr olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
11:49
Dekabrın 9-u saat 10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
11:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.