Bu gün saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Tibb Mərkəzindən məlumat verilib.
"Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", deyə məlumatda qeyd olunub.
***
Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlardan biri ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
***
Bakıda partlayış zamanı iki nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Briqada tərəfindən 1 nəfər bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***
Bakıda evdə partlayış olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.
Redaktor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.
Hadisənin qazsızmadan baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu deyilir.