AZ

Villada partlayışda xəsarət alanlardan biri ölüb

Paytaxtda baş verən partlayış nəticəsində xəsarət alan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

Far.Az xəbər verir ki, məlumat Sabunçu Tibb Mərkəzi tərəfindən açıqlanıb.

Mərkəzin məlumatına görə, zərərçəkən I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdi. Ona bud və sağ bazu sümüklərinin sınığı, sol çiyinin çıxığı, ağır kəllə-beyin travması, eləcə də üz və ətraflarda II dərəcəli yanıq diaqnozu qoyulmuşdu. Həkimlərin intensiv müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralı barədə isə Nərimanov Tibb Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu gün saat 10:00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verən partlayış nəticəsində xəsarət alan 1970-ci il təvəllüdlü kişi Yanıq Mərkəzinə aparılıb. Ona baş, boyun və hər iki qolda II-III dərəcəli termiki yanıq diaqnozu qoyulub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir və vəziyyəti orta ağır qiymətləndirilir.

***11:42

Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Far.Az-ə bildirilib ki, dekabrın 9-da saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.

***11:17

Bakıda evdə partlayış olub.

Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Seçilən
17
5
far.az

10Mənbələr