AZ

“Yuventus” Conatan Devidi heyətinə qatdı

“Yuventus” 25 yaşlı kanadalı mərkəz hücumçusu Conatan Devidi azad agent qismində “byankoneri”nin düşərgəsinə qatıb.

Arena.az bu barədə “Yuventus”un rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Devid “Qoca sinyora”dan ildə 6 milyon avro məbləğində əməkhaqqı alacaq.

Conatan Devid Kanadanın “Ottava” klubunun məzunudur. Devid 2018-ci ildə azad agent qismində Avropaya üz tutub və Belçikanın “Gent” klubunda çıxış etməyə başlayıb. Məhz bu klubdakı çıxışı ilə diqqət mərkəzinə düşmüş hücumçu 2020-ci ilin avqust ayında 27 milyon avro məbləğ müqabilində “Lill”ə keçib.

2024/2025-ci illər mövsümündə Devid “itlər”in heyətində 49 oyuna çıxıb, 25 qol vurub, 12 məhsuldar ötürmə vedib.

Kanadalı hücumçu “Lill” ilə 2020/2021-ci illər mövsümündə Fransa çempionu olub, 2021/2022-ci illər mövsümündə isə Fransa Super Kubokunu qazanıb.

Conatan Devid 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kanada yığmasının heyətində 67 oyun keçirib, 36 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. Devid Kanada yığması ilə 2023-cü il CONCACAF Millətlər Liqasının finalçısı olub.

Fərdi mükafatlara gəlincə, Devid 2019-cu il CONCACAF Qızıl Kubokunda 6 qolla, 2019/2020-ci illər Belçika Peşəkar Liqasında isə 18 qolla ən sərrast qolçu olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
4
arena.az

9Mənbələr