“Börnli” 35 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Kayl Uokeri “Mançester Siti”dən tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçidin əməliyyat məbləği ilə bağlı kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, əgər Uoker “Börnli” üçün mövsüm ərzindəki oyunların 70%-də meydana çıxarsa və klub İngiltərə Premyer Liqasını tərk etməzsə, Uoker müqabilində “şəhərlilər”ə 5 milyon funt-sterlinq məbləğində ödəniş ediləcək.
Xatırladaq ki, Uoker 2024/2025-ci illər mövsümünün ikinci yarısını icarə əsasında “Milan”da keçirib, “rossoneri” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 16 oyuna çıxıb.
Uokerin, karyerasının ən parlaq dövrünü keçirdiyi “Mançester Siti”də çıxışının ümumi mənzərəsi isə 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Uoker məzunu olduğu “Şeffild Yunayted”, həmçinin “Northempton Taun”, “Tottenhem”, “Kuinz Park Reyncers” və “Aston Villa”da çıxış edib.
Kayl Uoker 2011-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 96 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 35 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.