“Lill” 38 yaşlı fransız mərkəz hücumçusu Olivye Jirunu “Los-Anceles”dən azad agent qismində “itlər”in düşərgəsinə qatıb.
Arena.az bu barədə “Lill”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 1 illik – 2025/2026-cı illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Olivye Jiru futbolçu karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi” və “Milan”da çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Cari mövsümdə Jiru “Los-Anceles”in heyətində 38 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.
Jiru 2011-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 131 oyun keçirib, 57 qol vurub, 15 məhsuldar ötürmə verib. Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
