Mehman İsmayılov: “Bunun birinci səbəbi budur ki, bütün bu antiazərbaycan siyasətinin, aksiyaların arxasında birbaşa Putin özü dayanır”
Rusiyada qeyri-ruslara, xüsusən də azərbaycanlılara qarşı yürüdülən ayrıseçkilik, diskriminasiya siyasəti bu dövlətin antiazərbaycan mövqeyindən irəli gəlir.
Yekaterinburq vilayətində azərbaycanlıların başına gətirilən faciələr, bir neçəsinin milli mənsubiyyətinə görə haqsız yerə həbs edilməsi və beş nəfərin öldürülməsi, eyni zamanda Rusiyanın başqa vilayətlərində yaşayan azərbaycanlı iş adamlarına qarşı həyata keçirilən xoşagəlməz və antiinsani münasibətlər bu siyasətin nəticələrindəndir.
Hazırda Rusiyada antiazərbaycan əhvalı o qədər yüksəlib ki, bu, soydaşlarımıza münasibətdə özünü açıq şəkildə büruzə verir.
Azərbaycanlılara və Azərbaycana qarşı Rusiyada baş verən proseslər həqiqətən də təəssüf doğurur və qınanılır.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin bütün bu hadisələrdən sonra Azərbaycana tərəf hər hansı bir addım atmayıb.
Putin bu boyda biabırçılıqdan sonra niyə İlham Əliyevə zəng vurmur? Hər hansı bir yumşaldılma jesti etmir? Səbəb nədir ki, Putin hər hansı bir yumşaldıcı addım atmır?
“...Putin susur, o zaman danışmağa başlayacaq ki...”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu bütün hadisələrin arxasında şəxsən Putinin dayandığını göstərir: “Bunun birinci səbəbi odur ki, bütün bu antiazərbaycan siyasətinin, aksiyaların arxasında birbaşa Putin özü dayanır. Kreml hakimiyyəti Azərbaycana qarşı şantaj kampaniyası aparır, təzyiq edir, Azərbaycanın müstəqil siyasətinə müqavimət göstərir. Kreml hakimiyyəti istəyir ki, Azərbaycan hər addımda Rusiyanın mövqeyini nəzərə alsın, Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasın, türk dünyasının birləşməsi üçün çabalar göstərməsin, Türkiyə ilə hədsiz hərbi-siyasi yaxınlaşmada Rusiyanın maraqlarını nəzərə alsın. Bütün bu oyunların, Azərbaycana edilən təzyiqin arxasında şəxsən Putin özü dayanır. Rusiyada yaşayan etnik azərbaycanlılara edilən hücum, vəhşilik, insanların döyülərək öz evlərində öldürülməsi Putinin həyata keçirdiyi antiazərbaycan kampaniyasının bir epizodudur.
Bizim təyyarənin vurulması, Putinin köməkçisi Medinskinin Azərbaycanın Qarabağ bölgəsini “mübahisəli ərazi” adlandırması, bizə qarşı olan kiber hücumlar, həyata keçirilən bütün bu dezinformasiya, şər-böhtan kampaniyası Kremlin hakimiyyətinin birbaşa nəzarəti altında həyata keçirilir və ona rəhbərliyi Putin özü edir, ona görə də susur. Ona görə də etdikləri hərəkətlərə görə özlərini məsuliyyət daşımırlar kimi aparırlar.
Hava hücumundan müdafiə sisteminin raketi ilə bizim təyyarəni vurdular, nə adam kimi üzr istədilər, nə kompensasiya ödədilər, günü-gündən Azərbaycanla münasibətləri bilərəkdən sistemli şəkildə pozmağa çalışırlar ki, Azərbaycanla güc mövqeyindən danışsınlar, Azərbaycana istədikləri şərtləri qəbul etdirsinlər. Amma bu antiazərbaycan kampaniyasının əsas məğzi, əsas mahiyyəti bir məsələdən ibarətdir. Bu gün Rusiya Ermənistan-Azərbaycan nizamlanma prosesinin Rusiyanın nəzarətindən kənar baş tutmasını istəmir. Ermənistanla Azərbaycan arasında çatışmanın olmasını istəyir. Rusiya bütün gücü ilə çalışır ki, erməni kilsəsinin əli ilə Paşinyanı ya fiziki cəhətdən məhv etsin, ya da tutduğu mövqedən uzaqlaşdırsın, onun istefasına nail olsun, özünün bəslədiyi, becərdiyi, uzun müddət Azərbaycana qarşı işlətdiyi hərbi cinayətkarları, insanlıq əleyhinə cinayətlər törətmiş Rusiyanın Ermənistandakı kadrlarını hakimiyyətə gətirsin və Ermənistanla Azərbaycan arasında razılaşdırılmış 17 maddədən ibarət çərçivə sazişini sıfırlasınlar, yenidən Azərbaycanla Ermənistan arasında çatışmalar, ərazi mübahisələri başlasın. Rusiyanın dəstəklədiyi hər hansı bir kadr erməni kilsəsinin nəzarəti altında Paşinyanın yerinə hakimiyyətə gələcəksə, dərhal Azərbaycanla münasibətlər pozulacaq və Ermənistan birmənalı şəkildə yenə də Rusiyanın antiazərbaycan, anti-Türkiyə sifarişlərini yerinə yetirəcək, yenidən hər şey “sil başdan” başlayacaqdı. Bu, Rusiyanın istəyidir. Bunu Rusiyanın xarici işlər nazirinin rəsmi nümayəndəsi, yüksək ranqlı diplomat Dmitri Masyuk bu günlərdə açıq şəkildə ifadə etdi və dedi ki, guya Qərb Rusiyanı bu sülh, nizamlama prosesində iştirakdan qəsdən kənarlaşdırır ki, Rusiyanı Güney Qafqazdan sıxışdırıb çıxarsın. Rusiya birmənalı şəkildə Ermənistanla Azərbaycan arasında münasibətlərin 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatlar əsasında Rusiyanın vasitəçiliyi, moderatorluğu ilə onun ərazisində imzalanmasını istəyir. Bu, Rusiyanın rəsmi mövqeyidir”.
M.İsmayılovun fikrincə, hazırda Rusiyanın antiazərbaycan aksiyalarının əsas məğzi, əsas fəlsəfəsi Ermənistanla Azərbaycanın bir araya gəlməsinə mane olmaq, sülh sazişinin imzalanmasına imkan verməmək, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olana qədər bu sülh müqaviləsinin imzalanmasına qəti şəkildə icazə verməmək, Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasına qəti şəkildə yol verməməkdir: “Bu səbəbdən də indi Rusiyanın əlində yeganə bir təzyiq rıçaqı olan Rusiyada yaşayan azərbaycanlılara qarşı başladılan bu hücumlar, bu basqılar, bu vəhşiliklər Rusiyanın dövlət orqanlarının, birbaşa Putinin həyata keçirdiyi siyasətdir. Söylədiyim kimi, bu, Güney Qafqazda Rusiyanın iştirakı olmadan hər hansı bir normallaşma prosesinə yol verməməkdir. Rusiya görür ki, Ermənistanla Azərbaycan arasında imzalanması mümkün olan razılaşdırılmış 17 maddədə Rusiyanın “minası”, mübahisələndirmə predmeti yoxdur, Rusiyanın iştirakı yoxdur. Azərbaycanla Ermənistanın birbaşa danışıqlar aparması qəti şəkildə Putini, onun işğalçı rejimini, aqressiv imperiya siyasətini qane etmir. Ona görə də azərbaycanlılara qarşı bu vəhşilikləri həyata keçirdirlər və Putin də susur, o zaman danışmağa başalayacaq ki, tərəzinin Rusiyanın əleyhinə əyilməyə başladığını görəcək. Çünki Azərbaycan da haqlı olaraq ona çox sərt və adekvat cavablar verir. Azərbaycanın mövqeyi sərtləşəndən sonra Rusiya görəcək ki, Azərbaycan Rusiyanın şantajına, təhdidinə boyun əymir, ondan sonra Rusiya Azərbaycanla sanki münasibətləri normallaşdırmaq istəyirmiş kimi bir hava yaratmağa baş vuracaq”.
İradə SARIYEVA