AZ

Rusiyada milli etnik azlıqlara qarşı təqiblər sistematik hal alır

"Rusiya güc qüvvələrinin ölkə ərazisində yaşayan milli etnik azlıqlara qarşı sıx təqibləri sistematik hal alıb. Bir müddət öncə Qırğızıstan və Özbəkistan vətəndaşlarına, indi isə Azərbaycan diasporunun nümayəndələrinə qarşı şiddət göstərilməsi bunu təsdiqləyir". 

Bu fikirləri qəzetimizə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Nurad Məmmədov deyib. O bildirib ki, bir müddət sonra bu təqiblər legitim xarakter ala bilər.

Ekspert bunu Rusiya Millətlərlə İş üzrə Federal Agentliyinin portalında dərc edilmiş layihəyə görə əsaslandırıb. O vurğulayıb ki, "Rusiya Federasiyasının 2036-cı ilə qədər olan dövr üçün Dövlət Milli Siyasəti Strategiyası haqqında" layihənin yaxın gələcəkdə Rusiya Prezidenti tərəfindən təsdiqlənməsi gözlənilir. "Bu sənəd miqrantlar üzərində gücləndirilmiş nəzarəti özündə əks etdirir. Əgər 2012-2018-ci illərdəki strategiyalarda milliyətindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, hər kəsə bərabərhüquqlu münasibət əsas götürülürdüsə, yeni strategiyada mənəvi dəyərlər və tarixi irs də bura əlavə edilir. Bu isə o deməkdir ki, artıq Rusiya vətəndaşı olmaq yalnız pasportun olması deyil, həm də dövlət ideologiyasını qəbul etməkdir. Bu strategiyanın əsas məqsədi daxili və xarici təhlükələrin qarşısını almaqdır. Layihə təkcə vətəndaşlığı olan qeyri-rus millətlərinə deyil, həm də əvvəllər miqrasiya etmiş Rusiya vətəndaşlarına da şamil olunacaq. Bu, digər millətlərdən olan Rusiya vətəndaşlarına qarşı inamsızlığı və şübhəni artıracaq", - deyə N.Məmmədov qeyd edib.

Siyasi təhlilçi vurğulayıb ki, bu sənəd gələcəkdə dövlət səviyyəsində bu sahədə daha ciddi addımların atılacağını deməyə əsas verir. Yəni qeyri-rus və miqrant keçmişi olanlara qarşı siyasət qanuniləşəcək. Ekspert deyib ki, bu strategiyada aqressiv məqamlar da yer alıb. Belə ki, etnik azlıqların çox olduğu bölgələr Rusiya dövləti üçün potensial təhlükənin yüksək olduğu ərazilər hesab ediləcək. "Bu iqtisadi böhran sosial qeyri-stabilliklə birləşəndə aqressiyanın artmasına, etnik diskriminasiyaya gətirib çıxaracaq".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
7
50
azerbaijan-news.az

10Mənbələr