AZ

“Bu çıxışlar Rusiya–Azərbaycan münasibətlərini süni şəkildə gərginləşdirmək məqsədi daşıyır” – Sahil Kərimli – ÖZƏL

Rusiya Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya - Həqiqət uğrunda" partiyasının sədri Sergey Mironov baş prokuror İqor Krasnova müraciət edərək ölkə üzrə Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin yoxlanılmasını tələb edib. Rusiya mətbuatının yaydığı məlumata görə, Mironov müraciətində xüsusilə "Sadovod" və "Food City" ticarət komplekslərinin qanunvericiliyə uyğun fəaliyyət göstərib-göstərmədiyinin araşdırılmasının vacibliyini vurğulayıb.

"Bu cür çıxışlar təxribat xarakteri daşıyır və birbaşa olaraq Rusiya-Azərbaycan münasibətlərinin daha da gərginləşdirilməsinə hesablanmış addımlardır. Aydın görünür ki, bu cür şəxslər - yəni partiya nümayəndələri və rəhbərləri - bu təxribat xarakterli bəyanatları öz təşəbbüsləri ilə vermirlər. Böyük ehtimalla, bu bəyanatlar Rusiyanın müəyyən hakimiyyət dairələri tərəfindən təşkil olunur və əsas məqsəd də yaranmış vəziyyətin Rusiya tərəfindən süni şəkildə gərginləşdirilməsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib. Siyasi şərhçi bildirib ki, son günlər Rusiyada azərbaycanlılara qarşı artan təxribatlar və hücumlar ikitərəfli münasibətlərə ciddi zərbə vurur və vəziyyəti süni şəkildə gərginləşdirir:

"Son günlər Rusiyada azərbaycanlılara qarşı təxribat xarakterli və qanunsuz hərəkətlərin törədilməsi yolverilməzdir və dərin təəssüf doğurur. Eyni zamanda, bu cür çıxışlar, addımlar və çağırışlar vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır. Halbuki, azərbaycanlılar uzun illərdir ki, Rusiyada mövcud qanunlara uyğun şəkildə yaşayır, fəaliyyət göstərir və bizneslə məşğul olurlar.
Bununla yanaşı, diaspor nümayəndələrimiz də Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına töhfə vermək üçün çox məqsədyönlü və uyğun fəaliyyət göstərirlər. Təəssüf ki, son dövrlərdə Azərbaycan diasporuna qarşı hücumların daha sərt xarakter aldığı müşahidə olunur. Bu isə iki ölkə arasında münasibətlərin inkişafına və gələcək perspektivlərinə ciddi zərbə vurur".

Sahil Kərimli qeyd edib ki, ticarət mərkəzləri indiyədək qanun çərçivəsində fəaliyyət göstəribsə, indi onlara qarşı atılan addımlar əsassız və təəssüf doğurucudur.

"O ki qaldı ticarət mərkəzlərinin yoxlanılması ilə bağlı çağırışlara - bu günə qədər həmin ticarət mərkəzləri, şübhəsiz ki, Rusiya qanunlarına uyğun şəkildə fəaliyyət göstəriblər. Burada haqlı bir sual yaranır: əgər bu müəssisələr və ya Azərbaycan diasporunun nümayəndələri, yaxud da onların rəhbərlik etdiyi ticarət mərkəzləri hər hansı qanunsuz fəaliyyət göstərirdisə, indiyə qədər niyə onlara qarşı heç bir tədbir görülməyib? Deməli, bu günə qədər həmin strukturlar qanun çərçivəsində fəaliyyət göstəriblər və onlara qarşı bu cür yönləndirilmiş addımlar olduqca təəssüf doğurur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
26
olaylar.az

10Mənbələr