EN

Premyer Liqa: Bir turda 7 legioner baş məşqçi – ARENA.AZ

Azərbaycan çempionatının (Premyer Liqa) 17-ci turu 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Xorxe Kaskilya (“İmişli”) və Kaxaber Sxadadzenin (“Qəbələ”) rəhbərlik etdiyi komandalar meydana çıxıblar.

Düzdür, onlardan ikisi – İliç və Sxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib.

Buna baxmayaraq, Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilmiş turda 7 əcnəbi baş məşqçi olub.

Həmin vaxt Kaxaber Sxadadze (“İnter”), Almir Hurtiç (“Muğan”), Toni Adams (“Qəbələ”), Qyoko Hacıyevski (“Simurq”), Naci Şensoy (“Turan”), Mirça Rednik (“Xəzər Lənkəran”), Aleksandr Starkov (“Bakı”) komandalara rəhbərlik ediblər.

Ümumiyyətlə, indiyə qədər yalnız 2008/09 və 2011/12 mövsümlərinin gedişində belə hal yaşanıb. 2008/09 mövsümündə 1-ci turu 7 legioner baş məşqçinin olduğu ilk oyunlar kimi tarixə düşüb. 2008-ci ilin yayında Qyoko Hacıyevski (“Bakı”), Valentin Xodukin (“İnter”), Anatoli Demyanenko (“Neftçi”), Roman Pokora (“Simurq”), Kaxaber Sxadadze (“Standard”), Mustafa Yılmaz (“Turan”), Rasim Kara (“Xəzər Lənkəran”) iş başında olublar.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
63
12
arena.az

10Sources