Ermənistanda seçki kampaniyası fonunda siyasi gərginlik daha da artır.
Musavat.com bildirir ki, baş nazir postuna namizəd, “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan hakim “Vətəndaş müqaviləsi” partiyasını və Ermənistanın İctimai Televiziyasını məhkəməyə verib.
Məlumata görə, Karapetyan diffamasiya və böhtan ittihamı ilə iddia qaldırıb. Buna səbəb hakim “Vətəndaş müqaviləsi”nin seçki təbliğat materiallarında onun haqqında səsləndirilən sərt ittihamlar olub.
Samvel Karapetyan hakim siyasi qüvvə tərəfindən “oliqarx”, “üçbaşlı müharibə partiyasının yaradıcısı”, “xalqı aldadır”, “qorxudur”, “hakimiyyətə gəlmək üçün səs alır”, “müharibəni qızışdırır”, “Ermənistanın müstəqilliyini məhv edir”, “xarici casusdur” kimi ifadələri təhqiramiz hesab edib.
Karapetyan məhkəmədən bu bəyanatların böhtan xarakterli olduğunun rəsmən tanınmasını və təkzib edilməsini istəyib. Bununla yanaşı, o, həm hakim partiyanın, həm də İctimai Televiziyanın onun şərəf və ləyaqətinə toxunan açıqlamalara görə ictimai şəkildə üzr istəməsini istəyib. İddia ərizəsi İrəvan ümumi yurisdiksiya məhkəməsinin hakimi Suzanna Uluxanyanın adına təqdim edilib. Hələlik işin icraata qəbul olunub-olunmaması barədə rəsmi məlumat yoxdur.
Musavat.com