Ermənistanın son dövrlər xarici siyasətdə atdığı addımlar onun Avrasiya İqtisadi İttifaqındakı taleyini və gələcək üzvlüyünü ciddi şəkildə sual altına qoyub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov "Vesti" telekanalına verdiyi eksklüziv müsahibəsində olduqca sərt və xəbərdarlıq xarakterli bəyanatla çıxış edib.
Rusiya rəsmisi son zamanlar rəsmi Moskva tərəfindən Ermənistandan gələn bəzi malların ixracına qoyulan qadağalara aydınlıq gətirərək, bu qərarların arxasında siyasi və iqtisadi hadisələrin daha neqativ istiqamətdə inkişaf etməsinin qarşısını almaq məqsədinin dayandığını vurğulayıb.
Nazir bəyan edib ki, Ermənistan rəhbərliyinin tutduğu mövcud xətt gec-tez onları bu iqtisadi platformadan tamamilə kənarlaşdıracaq. İrəvanın siyasi elitasına açıq ismarış göndərən Reşetnikov, "Erməni həmkarlarımızın bu gün daxil olduqları yol, əlbəttə ki, tez və ya gec onların Avrasiya İqtisadi İttifaqında qalmasını qeyri-mümkün edəcək" deyə vurğulayıb.
Bununla da Rusiya tərəfi Ermənistanın Qərbə doğru yönəlməsinin iqtisadi nəticələrinin İrəvan üçün fəlakətli olacağını növbəti dəfə ən yüksək səviyyədə bəyan etmiş olub.
Musavat.com