Rusiya ilə Ermənistan arasında iqtisadi və ticarət əlaqələrində yaranan gərginlik fonunda rəsmi Moskvadan növbəti xəbərdarlıq bəyanatı gəlib. Ermənistanın mövcud siyasi və iqtisadi kursu onun Avrasiya İqtisadi İttifaqındakı gələcək fəaliyyətini çətinləşdirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov “Vesti” telekanalına verdiyi müsahibəsində bildirib. Rusiyalı nazir son dövrlər Rusiyanın Ermənistandan bəzi malların ixracına tətbiq etdiyi qadağaların əsas məqsədinə toxunaraq qeyd edib ki, bu məhdudiyyətlərin vəzifəsi hadisələrin gələcək mənfi inkişafının qarşısını qabaqcadan almaqdır.
Reşetnikov İrəvanın yürütdüyü siyasətin nəticələri barədə danışarkən erməni həmkarlarının ayaq basdığı bu yolun gec-tez Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmasını qeyri-mümkün edəcəyini xüsusilə vurğulayıb. Rəsmi Moskva bəyan edib ki, İttifaq daxilində tərəfdaşlıq qaydalarına tam əməl olunmaması və birtərəfli addımlar iqtisadi birliyin prinsiplərinə ziddir və bu gedişat yaxın gələcəkdə Ermənistanın təşkilatdan kənarlaşması ilə nəticələnə bilər.