AZ

ABŞ və İran birbaşa danışıqların ikinci raundunu keçirə bilər

ABŞ İranla birbaşa danışıqların ikinci raundunu keçirməyi düşünür. Görüş Tehranın regional fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi ilə İrana qarşı iqtisadi və siyasi blokadanın gücləndirilməsi fonunda baş tuta bilər.

CNN telekanalının Donald Tramp administrasiyasındakı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləri İran rəhbərliyinin nümayəndələri ilə potensial üzbəüz görüşün parametrlərini müzakirə edirlər. Bu addım İslam Respublikasına davamlı təzyiqlərə baxmayaraq, daha da gərginləşmənin qarşısını almaq cəhdi kimi qiymətləndirilir.

Mənbələrə görə, potensial dialoqun ikinci raundu İranın nüvə proqramı və Yaxın Şərqdəki proksi qrupların hərəkətləri də daxil olmaqla bir sıra məsələləri müzakirə etməyi hədəfləyir. Administrasiya rəsmiləri qeyd ediblər ki, görüşə hazırlıq Vaşinqtonun mövqeyinin yumşaldılması demək deyil. Əksinə, müzakirə Tehranı beynəlxalq səviyyədə daha da təcrid etmək tədbirləri ilə paralel olaraq aparılır.

Ağ Ev hesab edir ki, birbaşa əlaqələr "ABŞ-nin mövqeyini aydın şəkildə çatdırmaq" və tammiqyaslı hərbi münaqişəyə səbəb ola biləcək səhv hesablamaların qarşısını almaq üçün zəruridir. Təfərrüatları tam açıqlanmayan əvvəlki təmaslar raundu mövcud müzakirələrin əsasını qoysa da, əsas təhlükəsizlik məsələləri üzrə hələlik əhəmiyyətli irəliləyiş əldə edilməyib.

Bu arada ABŞ-nin vitse-prezidenti Cey Di Vens Pakistanda İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini, lakin danışıqların və mümkün razılaşmanın gələcəyinin Tehrandan asılı olduğunu bildirib.

Amerikanın Fox News televiziya kanalına verdiyi müsahibədə Vens İranla danışıqların gedişatı ilə bağlı şərh verib. O, Pakistandakı İran nümayəndə heyətinin yekun razılaşma bağlamaq səlahiyyətinin olmadığını və buna görə də Amerika tərəfinin danışıqlardan çıxdığını iddia edib.

Vens, İranın "normal iqtisadi ölkə" olmaq üçün nüvə silahı əldə etmək cəhdlərindən əl çəkməli olduğunu söylədi. O, yekun razılaşmanın olmamasına baxmayaraq, iki tərəfin əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

"Yaxşı danışıqlar apardıq. Düşünürəm ki, İran və ABŞ hökumətləri arasında bu qədər yüksək səviyyədə təması ilk dəfə görürsünüz", - deyə o əlavə edib.

ABŞ və İsrailin  fevralın 28-də İrana hücumlarından sonra münaqişə region ölkələrinə yayılıb və  aprelin 8-də Vaşinqtonla Tehran arasında atəşkəs elan edilib. Tərəflər arasında danışıqlar Pakistanın vasitəçiliyi İslamabadda keçirilib.

Vens daha əvvəl İslamabadda İranla birbaşa danışıqların razılaşma olmadan başa çatdığını deyib.

İran, öz növbəsində, razılaşmanın olmamasının ABŞ-nin həddindən artıq tələbləri ilə bağlı olduğunu bildirib.

Son məlumata görə, ABŞ və İran nümayəndə heyətləri 16 aprelin 16-da, cümə axşamı günü şəxsən görüşə bilərlər. Bunu ABŞ rəsmiləri “Associated Press” (AP) agentliyinə anonimlik şərti ilə bildiriblər.

Onların dediyinə görə, Vaşinqton və Tehran nümayəndələri müvəqqəti atəşkəs müddəti bitməmişdən əvvəl danışıqlar aparmaq niyyətindədirlər.

Rəsmilər yeni görüşün təşkili prosesinin davam etdiyini və hər iki tərəfin bunu etmək niyyətində olduğunu qeyd ediblər, lakin danışıqlarda iştirak edən nümayəndə heyətlərinin tərkibində kimlərin olacağını dəqiqləşdirməyiblər.

Mənbələrə görə, danışıqlar yenidən Pakistanın paytaxtı İslamabadda baş tuta bilər, lakin Cenevrə variantı da nəzərdən keçirilir.

ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evin qarşısında jurnalistlərə bildirib ki, İranla yeni bir razılaşma hələ də mümkündür: "Biz İranla bir çox məsələdə razılığa gəlmişik, lakin nüvə məsələsində yox. Ancaq düşünürəm ki, onlar buna razı olacaqlar. Mən buna əminəm. İran nüvə silahına sahib ola bilməz. Əgər onlar bunu qəbul etməsələr, heç bir razılaşma olmayacaq".

Tramp həmçinin qeyd edib ki, iranlılar özləri əlaqə saxlayır və razılaşma əldə etmək istəyirlər, lakin dəqiq kiminlə danışıqlar apardığını açıqlamayıb.

Bu arada, ABŞ-nin  elan etdiyi Hörmüz boğazının qismən blokadası qüvvəyə minib. Tramp məhdudiyyətləri pozmağa çalışan İran gəmilərini dərhal məhv edəcəyinə söz verib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
12
50
azerbaijan-news.az

10Mənbələr