ABŞ ilə İran arasında birbaşa danışıqların növbəti raundunun keçirilmə yeri və vaxtı açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edən “The Atlantic” jurnalının ştatdankənar müəllifi Araş Əzizi məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında növbəti birbaşa görüş cümə axşamı İslamabad şəhərində baş tutacaq.
ABŞ ilə İran arasında daha neçə görüş olmalıdır ki, məsələ birdəfəlik həllini tapsın?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, ABŞ və İran arasında danışıqların növbəti raundunun planlaşdırılması tərəflərin diplomatik kanalları açıq saxlamaq istədiyini göstərir.
“Lakin bu dinamika, prosesin sürətlə yekunlaşacağı anlamına gəlmir. Əksinə, mövcud geosiyasi reallıq göstərir ki, bu tip danışıqların nəticəyə çatması üçün konkret sayda görüşdən daha çox, struktur və etimad məsələlərinin həlli rol oynayır. Vacib məqamlardan biri ondan ibarətdir ki, ABŞ və İran arasında münaqişə yalnız texniki və ya diplomatik deyil, dərin ideoloji və təhlükəsizlik xarakteri daşıyır. Bu səbəbdən qısa vaxt ərzində nəticəyə nail olmaq real görünmür”,_ deyə Bağırzadə şərh edib.
Onun fikrincə, hələ çox danışıqlara ehtiyac olacaq: “Tarixi təcrübə, xüsusilə 2015-ci il nüvə sazişi göstərir ki, belə razılaşmalar aylarla deyil, bəzən hətta illərlə davam edən çoxşaxəli danışıqların nəticəsi olur. Həmin prosesdə onlarla rəsmi və qeyri-rəsmi görüş keçirilmiş, paralel olaraq vasitəçilər, ekspert qrupları və texniki komissiyalar işləmişdi”.

Politoloq hesab edir ki, digər vacib məqam tərəflər arasında olan etimadsızlıqdır:
“İran iki dəfə məhz danışıqlar prosesi zamanı hərbi əməliyyatlara məruz qalmasını və əvvəlki razılaşmalardan sonra sanksiyaların bərpasını əsas arqument kimi irəli sürərək, yeni öhdəliklərə ehtiyatla yanaşır: “ABŞ isə öz növbəsində İranın regional siyasətini və nüvə fəaliyyətini uzunmüddətli risk kimi qiymətləndirir. Bu qarşılıqlı şübhə mühiti də danışıqlar prosesinin uzanmasına səbəb olacaq. Ən nəhayət, daha bir vacib məqam da danışıqlarda yalnız iki tərəfin deyil, digər tərəflərin də maraqlarının masaya yatırılmasıdır. ABŞ həm də İsrailin maraqlarının müdafiəçisi, İran isə Hizbullah və s. kimi regional qrupların da maraqlarının müdafiəçisi qismində çıxış edir. O deməkdir ki, hər görüş yalnız Vaşinqton və Tehranın mövqelərindən deyil, həm də dolayısı ilə digər oyunçuların reaksiyasından asılı olur. Belə şəraitdə bu və ya digər nəticəyə yalnız mərhələli razılaşma ilə gəlmək mümkündür”.
Y.Bağırzadənin sözlərinə görə, mövcud dinamika onu deməyə əsas verir ki, ABŞ–İran danışıqları böyük ehtimalla uzanan proses olacaq.
Etibar Seyidağa,
“Yeni Müsavat”