
İran və Pakistan arasında diplomatik mesaj mübadiləsi davam etdiyi bir vaxtda Tehran rəhbərliyi ABŞ ilə sülh danışıqlarının növbəti mərhələsinə dair hələlik hər hansı bir razılığın əldə olunmadığını açıqlayıb.
AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın diplomata istinadən yaydığı məlumata görə, Tehran ilə İslamabad arasında intensiv ünsiyyət saxlanılır.
Sözügedən mənbə İran ilə ABŞ arasında İslamabadda və ya başqa bir məkanda yeni danışıqlar raundunun keçirilməsi ilə bağlı rəsmi razılığın olmadığını qeyd edib. IRNA-ya danışan digər bir mənbə isə yeni müzakirələrin istənilən vaxt və istənilən yerdə baş tuta biləcəyini, lakin hazırda bu istiqamətdə qəti qərarın verilmədiyini bildirib.
Pakistan Xarici İşlər Nazirliyinə yaxın olan şəxslərdən biri isə İslamabadda başlayan sülh prosesinin növbəti mərhələsinin yenidən həmin şəhərdə, yaxud Ankara və ya Cenevrədə keçirilmə ehtimalının olduğunu irəli sürüb. Qeyd edək ki, tərəflər arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik səyləri davam etsə də, hələlik tərəflər masaya qayıtmaq üçün konkret şərtlərdə uzlaşmayıblar.