AZ

Süni intellekt dərsliklərə daxil ediləcək -

Prezident İlham Əliyev bildirib ki, orta məktəblərdə şagirdlərə rəqəmsallaşma ilə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməlidir. Bəs hazırda süni intellekt məktəb dərsliklərində və tədris proqramlarında necə əks olunur? Şagirdlər məktəb yaşlarından süni intellekt alətləri ilə işləmə bacarıqlarını hansı fənlər çərçivəsində qazanırlar?Təhsil eksperti Məzahir Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, artıq süni intellekt bütün dünyada sürətlə yayılmağa başlayıb. Bunun sənayedə, elmdə və tədrisdə tətbiqinə də start verilib. Azərbaycan da dünyanın tərkib hissəsi olduğu üçün bu istiqamətdə müəyyən addımlar atılmağa başlanıb: “Son müşavirə də göstərdi ki, rəqəmsallaşma və süni intellektin tətbiqi, eləcə də öyrənilməsi ilə bağlı ölkə başçısı səviyyəsində ciddi tapşırıqlar verilib. Bu səbəbdən məsələ artıq ümumtəhsil məktəblərində də tətbiq olunmalıdır. Təəssüf ki, hələ ki məktəblərdə bununla bağlı konkret proqramlara rast gəlinmir. Şagirdlərin bu sahəni hansı alətlərlə öyrənməsinə gəldikdə isə demək olar ki, bəzi hallarda onlar müəllimləri belə qabaqlayırlar”.M.Məmmədlinin sözlərinə görə, artıq bəzi fənlərin öyrənilməsi üçün yuxarı sinif şagirdləri süni intellekt alətlərindən istifadə edərək dərslərini hazırlayır, təqdimat və slaydlar yaradırlar. Qısası, Elm və Təhsil Nazirliyi rəsmi proqram hazırlamadan belə ümumtəhsil məktəblərində, hətta aşağı siniflərdə oxuyan şagirdlər süni intellekt imkanlarından istifadə edirlər: “Təəssüf doğuran məqam isə budur ki, bu istifadə kortəbii xarakter daşıyır və mütləq düzgün istiqamətləndirilməlidir. Əks halda şagirdlərdə düşünmə zəifliyi yarana bilər. Xüsusilə süni intellekt alətlərinə həddindən artıq güvənmək onlarda məlumatı hazır şəkildə əldə etməyə alışqanlıq yaradır ki, bu da gələcəkdə öz məhsulunu ortaya qoymaq qabiliyyətini zəiflədə bilər. Bu baxımdan şagirdlərin məktəb yaşlarından süni intellekt alətlərindən düzgün istifadə etməsi üçün istiqamətverici müəllimlər və xüsusi tədris proqramları olmalıdır. Bir halda ki, süni intellekt artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib, onu tədrisdən kənarda saxlamaq mümkün deyil. Bu sahədə xüsusilə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Pedaqoji kadrlar hazırlayan universitetlər indidən addımlar atmalı, süni intellektin tədrisi üzrə ixtisaslaşmış müəllimlər və mütəxəssislər yetişdirməlidirlər”. Ekspertin fikrincə, hazırda Azərbaycanda ali təhsil müəssisələrində bu sahə üzrə ayrıca ixtisas üzrə qəbulun olmaması göstərir ki, biz bu istiqamətdə bir çox ölkələrdən geri qalırıq: “Təsadüfi deyil ki, süni intellektin inkişafı və rəqəmsallaşma mövzusuna dövlət səviyyəsində xüsusi müşavirə həsr olunub. Hesab edirəm ki, həmin müşavirədə səsləndirilən fikirlərdən irəli gələn təkliflər həm ali təhsil müəssisələrində, həm də Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində mərhələli şəkildə tətbiq edilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
34
metbuat.az

10Mənbələr