AZ

“Süni intellekt təhsili gələcəyin strateji təminatıdır”

BAKI, 13 fevral. TELEQRAF

"Rəqəmsallaşma və süni intellekt (Sİ) XXI əsrdə dövlətlərin iqtisadi və texnoloji inkişafını müəyyən edən əsas amillərdən birinə çevrilib. Ölkəmizdə də bu istiqamət dövlət siyasətinin prioritet sahəsi kimi müəyyən olunub. Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə deyil, eyni zamanda insan kapitalının strateji şəkildə formalaşdırılması prosesidir".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, süni intellekt sahəsində uğur qazanmağın əsas şərtlərindən biri təhsilin erkən mərhələlərindən rəqəmsal bacarıqların aşılanmasıdır:
“Orta məktəblərdə rəqəmsal savadlılıq və süni intellektin əsasları ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi, şagirdlərdə alqoritmik düşüncə və məntiqi təhlil bacarıqlarının formalaşdırılması gələcək texnoloji inkişaf üçün möhkəm zəmin yaradır.

Bu yanaşma yalnız texniki biliklərin öyrədilməsi ilə məhdudlaşmır. Məqsəd şagirdlərdə analitik təfəkkür, problem həll etmə bacarığı və innovativ yanaşma formalaşdırmaqdır. Erkən yaşda yaradılan maraq gələcək ixtisas seçiminə də müsbət təsir göstərir.

Son illərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi informatika fənninin yenilənmiş məzmunla tədrisini təmin edib. Şagirdlər proqramlaşdırma əsasları (məsələn, Python), alqoritmik düşüncə, rəqəmsal təhlükəsizlik və süni intellektə giriş mövzuları ilə tanış olurlar. Layihə mərhələli şəkildə genişləndirilərək minlərlə şagirdi əhatə edir.

Bununla yanaşı, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) əsaslı tədris modelinin tətbiqi nəzəri biliklərin praktik bacarıqlarla uzlaşdırılmasına imkan yaradır. Məktəblərdə robototexnika, 3D modelləşdirmə, mühəndislik əsasları üzrə dərslər keçirilir, layihə əsaslı öyrənmə metodikası tətbiq olunur. Bir çox təhsil müəssisəsində STEAM laboratoriyaları yaradılmış, müasir avadanlıqlarla təminat həyata keçirilib. Regionlarda da bu imkanların genişləndirilməsi rəqəmsal bərabərliyin təmin olunmasına xidmət edir”.

Deputatın fikrincə, STEAM modeli yalnız texniki bilikləri deyil, həm də komanda işi, kreativ düşüncə və analitik yanaşmanı inkişaf etdirir:“Bu da süni intellekt və innovasiya yönümlü iqtisadiyyat üçün vacib insan kapitalının formalaşmasına töhfə verir. Süni intellekt və rəqəmsal transformasiya ali təhsil sistemində də prioritet istiqamət kimi müəyyən edilib. Universitetlərdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik və böyük verilənlər üzrə ixtisasların genişləndirilməsi və yenilənməsi, mövcud proqramlara Sİ və maşın öyrənməsi modullarının daxil edilməsi mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, universitet–özəl sektor əməkdaşlığının gücləndirilməsi, texnoparkların və startap inkubasiya proqramlarının genişləndirilməsi tələbələrin praktiki bacarıqlarının artırılmasına şərait yaradır. Xaricdə təhsil proqramlarında da süni intellekt sahəsinə prioritet istiqamət kimi üstünlük verilməsi yüksək ixtisaslı mütəxəssis bazasının formalaşmasına xidmət edir.

Dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə qeyd olunduğu kimi, inkişaf etmiş ölkələrdə dövlət idarəçiliyində süni intellekt agentlərindən istifadə artıq geniş yayılmış təcrübədir. Bu baxımdan, dövlət qulluqçularının Sİ üzrə təlimlərə cəlb olunması, rəqəmsal transformasiya üzrə məsul şəxslərin müəyyənləşdirilməsi və qərar qəbuletmə prosesində analitik alətlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Bu yanaşma sübut edir ki, süni intellekt və rəqəmsal bacarıqlar yalnız İT sahəsinin deyil, bütün ixtisasların ayrılmaz tərkib hissəsinə çevrilməlidir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətədavamlı insan kapitalının formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və innovativ mühitin yaradılması əsas hədəflər kimi müəyyən olunub. Təhsil sahəsində aparılan islahatlar məhz bu strateji məqsədlərə xidmət edir”.

Mehriban Vəliyevaya görə, elektron resursların – “myGov”, “e-məktəb”, “Elektron jurnal” kimi platformaların tətbiqi təhsil idarəçiliyində rəqəmsallaşmanın güclənməsinə xidmət edir: “Müəllimlərin İKT və rəqəmsal metodologiyalar üzrə ixtisasartırma proqramlarına cəlb olunması isə sistemli və davamlı inkişafı təmin edir.

Görülən işlər göstərir ki, Azərbaycanda süni intellektə hazırlıq erkən yaşdan başlayaraqsistemli şəkildə inkişaf etdirilməsi planlaşdırılır. Bununla belə, növbəti mərhələdə müəllim hazırlığının daha da gücləndirilməsi, regionlar üzrə imkanların tam balanslaşdırılması və süni intellekt üzrə ayrıca milli kurikulumun hazırlanması əsas vəzifələr kimi müəyyənləşməlidir.

Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” çərçivəsində insan kapitalının hazırlanması əsas dayaqlardan hesab olunur. Müşavirədə səsləndirilən təkliflər, o cümlədən süni intellekt habının yaradılması və təhsil sistemində innovativ yanaşmaların genişləndirilməsi, ölkənin gələcək iqtisadi modelinin əsas sütunlarından biri kimi qiymətləndirilə bilər.
Süni intellekt təhsili artıq alternativ deyil - bu, Azərbaycanın rəqabətədavamlı gələcəyinin strateji təminatıdır".

Seçilən
39
34
teleqraf.com

10Mənbələr