AZ

Azərbaycan süni intellektdə təkcə istifadəçi deyil, lider olmalıdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Prezidentin tövsiyələri təhsil sahəsində islahat dalğası yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışı və tövsiyələri təhsil sahəsi üzrə zəruri yeniliklərin konturlarını göstərmiş oldu. Prezident çıxışında bildirdi ki, biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: 

- Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. 

Prezident qeyd etdi ki, müasir dünyanın tələbləri nəzərə alındıqda kadr hazırlığının yeni meyllərə uyğun şəkildə aparılmasının vacibliyi görünür: 

- Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.

Cənab Prezidentin müşavirədə irəli sürdüyü təklif və tövsiyələrin təhsil sahəsində əsaslı dəyişikliklərə səbəb olacağını deyən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu gün dünyada rəqəmsal texnologiyalar və xüsusilə süni intellekt artıq sadəcə əlavə bacarıq deyil, birbaşa ölkələrin iqtisadi gücünü və idarəetmə qabiliyyətini müəyyən edən əsas faktorlardan biridir. Bu səbəbdən də kadr hazırlığı məsələsi həqiqətən də ən vacib prioritetlərdən biri olmalıdır: 

- Çünki istənilən sahədə inkişaf etmək üçün ilk növbədə həmin sahəni bilən, idarə edən, yenilik yaradan insan resursu yetişdirilməlidir. Prezidentin vurğuladığı ən doğru məqam ondan ibarətdir ki, bu proses uzunmüddətlidir və gələcəkdə daha da genişlənəcək. Yəni süni intellekt və rəqəmsal texnologiyalar müvəqqəti trend deyil, gələcək onilliklərin əsas istiqamətidir. Bu gün biz bu sahədə ciddi addımlar atmasaq, sabah dünya ilə ayaqlaşmaq deyil, sadəcə istifadəçi mövqeyində qalmaq riski yaranacaq.

Ekspert bildirdi ki, burada iki əsas xətt aydın görünür: 

- Ali təhsil və orta təhsil. Ali məktəblərdə bu sahə üzrə ixtisasların gücləndirilməsi çox vacibdir, amma təkcə universitet səviyyəsində bu problemi həll etmək mümkün deyil. Çünki rəqəmsal savadlılıq və texnoloji düşüncə tərzi məktəb yaşından formalaşmalıdır. Şagird texnologiyanı yalnız telefonda istifadə edən deyil, onu anlayan, onunla işləməyi bacaran, alqoritmik düşünən, problem həll edən səviyyəyə çatmalıdır.

Prezidentin “orta məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir” fikri də məhz bu baxımdan çox yerində səslənir. Biz məktəblərdə informatikaya yanaşmanı dəyişməliyik. Bu fənn yalnız kompüterdə yazı yazmaq və ya sadə proqramları öyrənmək səviyyəsində qalmamalıdır. Kodlaşdırma, süni intellektin əsas prinsipləri, rəqəmsal təhlükəsizlik, məlumat analizi kimi istiqamətlər mərhələli şəkildə məktəb proqramlarında daha sistemli yer almalıdır.

Eyni zamanda, xaricə göndərilən tələbələr məsələsi də vacibdir. Dövlət xətti ilə təhsil alan gənclərin məhz bu istiqamətlər üzrə hazırlanması, gələcəkdə ölkəyə qayıdıb sistemə real töhfə verməsi strateji baxımdan böyük üstünlük yarada bilər. Çünki süni intellekt və rəqəmsal texnologiyalar elə bir sahədir ki, burada beynəlxalq təcrübə və qlobal standartlarla işləmək çox önəmlidir.

Hesab edirəm ki, burada əsas məsələ yalnız proqram dəyişiklikləri deyil, müəllim hazırlığı məsələsidir. Çünki proqramı dəyişmək olar, amma o proqramı tədris edəcək müəllim hazır deyilsə, nəticə əldə etmək çətin olacaq. Ona görə də paralel şəkildə müəllimlərin rəqəmsal bacarıqlarının artırılması, yeni texnologiyalara adaptasiyası və bu sahədə peşəkar təlimlərin təşkili mütləqdir. Ümumilikdə, Prezidentin bu çıxışı göstərir ki, Azərbaycan artıq süni intellekt və rəqəmsal texnologiyaları gələcəyin əsas prioriteti kimi görür. Bu yanaşma təhsil sisteminə də yeni məsuliyyətlər qoyur. Əgər bu istiqamətdə ardıcıl və planlı islahatlar aparılsa, Azərbaycan gələcəkdə bu sahədə təkcə istifadəçi yox, həm də istehsalçı və innovasiya yaradan ölkələrdən biri ola bilər. Bu gün atılan addımlar sabahın iqtisadiyyatını, dövlət idarəçiliyini və ümumilikdə cəmiyyətin inkişaf səviyyəsini müəyyən edəcək. Ona görə də bu çağırış sadəcə texnoloji yenilik deyil, milli inkişaf məsələsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
34
sherg.az

10Mənbələr