M.Məmmədlinin sözlərinə görə, artıq bəzi fənlərin öyrənilməsi üçün yuxarı sinif şagirdləri süni intellekt alətlərindən istifadə edərək dərslərini hazırlayır, təqdimat və slaydlar yaradırlar. Qısası, Elm və Təhsil Nazirliyi rəsmi proqram hazırlamadan belə ümumtəhsil məktəblərində, hətta aşağı siniflərdə oxuyan şagirdlər süni intellekt imkanlarından istifadə edirlər: “Təəssüf doğuran məqam isə budur ki, bu istifadə kortəbii xarakter daşıyır və mütləq düzgün istiqamətləndirilməlidir. Əks halda şagirdlərdə düşünmə zəifliyi yarana bilər. Xüsusilə süni intellekt alətlərinə həddindən artıq güvənmək onlarda məlumatı hazır şəkildə əldə etməyə alışqanlıq yaradır ki, bu da gələcəkdə öz məhsulunu ortaya qoymaq qabiliyyətini zəiflədə bilər. Bu baxımdan şagirdlərin məktəb yaşlarından süni intellekt alətlərindən düzgün istifadə etməsi üçün istiqamətverici müəllimlər və xüsusi tədris proqramları olmalıdır. Bir halda ki, süni intellekt artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib, onu tədrisdən kənarda saxlamaq mümkün deyil. Bu sahədə xüsusilə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Pedaqoji kadrlar hazırlayan universitetlər indidən addımlar atmalı, süni intellektin tədrisi üzrə ixtisaslaşmış müəllimlər və mütəxəssislər yetişdirməlidirlər”. Ekspertin fikrincə, hazırda Azərbaycanda ali təhsil müəssisələrində bu sahə üzrə ayrıca ixtisas üzrə qəbulun olmaması göstərir ki, biz bu istiqamətdə bir çox ölkələrdən geri qalırıq: “Təsadüfi deyil ki, süni intellektin inkişafı və rəqəmsallaşma mövzusuna dövlət səviyyəsində xüsusi müşavirə həsr olunub. Hesab edirəm ki, həmin müşavirədə səsləndirilən fikirlərdən irəli gələn təkliflər həm ali təhsil müəssisələrində, həm də Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində mərhələli şəkildə tətbiq edilməlidir”. Sevinc İbrahimzadə / Metbuat.az