AZ

Xabi Alonso “Real”dan qovuldu – ARENA.AZ

İspaniya nəhəngi “Real”ın (Madrid) baş məşqçisi, 44 yaşlı ispaniyalı futbol mütəxəssisi Xabi Alonso istefaya göndərilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

İspan mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verildiyi diqqətə çatdırılıb. Klub Alonsoya xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Alonsonun “Real”ı ötən gecə İspaniya Super Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub. Cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan Madrid təmsilçisi bütün bunları Xabiyə bağışlamayıb.

Xabi Alonso 2025-ci ilin yayında “Real”a baş məşqçi təyin edilmişdi. Paytaxt təmsilçsi onun rəhbərliyi altında bütövlükdə 34 oyuna çıxıb, 24 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət görüb.

Alonso “Real”dan öncə “Real Sosyedad”ın B kollektivinə və Almaniyanın “Bayer” komandasına da rəhbərlik edib. Onun xüsusilə Leverkuzen təmsilçisindəki fəaliyyəti çox uğurlu alınıb. “Real” da məhz həmin uğurlarına görə keçmiş yarımmüdafiəçisini sükanı arxasına gətirmişdi.

“Real” cari mövsümdə İspaniya La Liqasında keçirdiyi 19 oyunda 45 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 14 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Real” 6 oyuna 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. 12 xala malik İspaniya nəhəngi 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
5
arena.az

10Mənbələr