AZ

Saşa İliç: “Fərdi səhvlərin fərqindəyik” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Serbiyanın OFK (Belqrad) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Serbiya komandaları arasındakı görüş bu gün Antalyada baş tutub.

“Sumqayıt” bu oyundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb. Saşa İliç matçdan sonra klubun rəsmi saytına açıqlama verib. O, komandasının oyun performansını belə dəyərləndirib:

“Ötən dəfə də qeyd etdiyim kimi, hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır. Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq”.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Macarıstan “Pakş”ına da 1:5 hesabı ilə uduzmuşdu. Komanda Türkiyədəki sonuncu yoxlama oyununda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
38
5
arena.az

10Mənbələr