“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Özbəkistanın “Neftçi” (Fərqanə) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı görüş bu gün Türkiyənin Antalya şəhərində baş tutub.
Matç Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanov komandasının oyunu barədə klubun rəsmi sayına açıqlama verib:
“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Təəssüf ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.
Xatırladaq ki, “Qarabağ” hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa təmsilçisi “Zaqlenbe” (Lyubin) ilə qarşılaşacaq.
