Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” komandası bu gün növbəti yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda ikinci sınağında Serbiyanın OFK (Belqrad) kollektivi ilə qarşılaşıb.
“Gənclik şəhəri” təmsilçisi bu oyunda 1:4 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisinin yeganə qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.
Xatırladaq ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv Antalyadakı ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına da biabırçı hesabla məğlub olmuşdu – 1:5.
Premyer Liqa təmsilçisi Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyununa çıxacaq. İliç yanvarın 16-da yetirmələrini Xorvatiyanın “Osiyek” kollektivi ilə görüşdə sınaqdan keçirəcək.
“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümü çərçivəsində keçirdiyi 16 oyunda 27 xal toplayıb və yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda 16 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
