Bir neçə gün öncə “Qəbələ” ilə yollarını ayırmış hücumçu Elşad Tağıyev bundan sonra “Baku Sportinq”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, azad agent statusuna malik Elşad Tağıyevin transferi rəsmiləşib. 24 yaşlı oyunçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Elşad Tağıyev 2024/2025-ci illər mövsümündən “Qəbələ”nin şərəfini qoruyurdu. 24 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 13 oyunda heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməmişdi. O, əyalət təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 9 qol vurub.
Tağıyev daha öncə “Şamaxı”, “Səbail”, “Neftçi” və “Turan Tovuz” kimi klubların müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib.
