İtaliyanın “Atalanta” klubunun mərkəz yarımmüdafiəçisi Marko Breşianini bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Florensiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Fiorentina” Markonu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.
Marko Breşianini “Milan”ın yetirməsidir. O, bu klubda olarkən “Virtus Entella”, “Montsa” və “Kozentsa” kimi komandalarda icarədə oynayıb. “Milan”ın əsas komandasında cəmi 6 oyun keçirmiş futbolçu, burada möhkəmlənə bilməyib. Bu üzdən də o, 2023-cü ilin yayında 1,2 milyon avro müqabilində “Frozinone”yə keçib. “Atalanta” Markonu 2024-cü ildə heyətinə qatıb. O, Berqamo klubunun heyətində 50 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
2024-cü ildə İtaliya millisində debüt etmiş Breşianini yığmada 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.
