Futbol üzrə Uels millisinin və “Tottenhem”in cinah hücumçusu Brennan Conson bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi 24 yaşlı vingerin keçidini klub tarixində rekord məbləğdə transfer ödənişi etməklə rəsmiləşdirib. Britaniya mətbuatı Consonun transferinin 40 milyon avroya başa gəldiyini yazıb. Tərəflər 4,5+1 illik müqaviləyə imza atıblar. Uels millisinin üzvü yeni klubunda 11 nömrəli formada çıxış edəcək.
Brennan Conson İngiltərənin “Nottingem Forest” klubunun yetirməsidir. Bu klubda olarkən “Linkoln Siti”də icarədə də oynamış futbolçu “Tottenhem”ə 2023-cü ilin sentyabrınnda 55 milyon avro müqabilində keçmişdi. O, London klubunun heyətində 107 oyun keçirib, 27 qol və 18 məhsuldar ötürmə müəllifi olub.
Brennan 2020-ci ildə debüt etdiyi Uels millisinin heyətində 42 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
