Futbol üzrə İsrail yığmasının və “Tottenhem”in sol vingeri Manor Solomon icarədə olduğu İspaniya təmsilçisi “Vilyarreal”dan ayrılıb.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir
Belə ki, “Tottenhem” Solomonu “Vilyarreal”dan icarədən geri çağırdığını açıqlayıb. İsrailli hücumçunn bu mövsümün sonuna qədər İtaliyanın “Fiorentina” komandasında icarə əsasında çıxış edəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Solomon cari mövsümün əvvəlində “Vilyarreal”a icarəyə verilmişdi. O, 2025/2026-cı illər mövsümünün ilk yarısında La Liqa təmsilçisinin heyətində 11 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Karyerası ərzində “Makkabi” (Petah Tikva), “Şaxtyor” (Donetsk), “Fulhem” kimi klublarda da oynamış Manor Solomon “Tottenhem”ə 2023-cü ilin yayında azad agent kimi qoşulub. Onun London klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. “Tottenhem”də cəmi 6 oyun keçirib, 2 assistlə yadda qalmış Solomon, ötən mövsümü də “Lids”də icarədə keçirib – 41 oyun, 10 qol, 13 assist.
Solomon 2018-ci ildə debüt etdiyi İsrail yığmasının heyətində 48 oyuna çıxıb, 8 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
