ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında Ukraynadakı münaqişənin sona çatmasının yaxınlığından danışıb: “Hər iki tərəflə (Ukraynada nizamlanma ilə bağlı) razılığa gəlməyə yəqin ki, əvvəlkindən daha yaxınıq”, – Donald Tramp bildirib.
O, həmçinin nizamlanma üçün mümkün vaxt qrafikini də açıqlayıb – vəziyyət bir neçə həftə ərzində həll edilə bilər: “Əgər hər şey həqiqətən yaxşı gedərsə, bilirsiniz, bir neçə həftə çəkə bilər.”- deyib.
Amerika lideri həmçinin Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə üçtərəfli görüşün təşkil edilə biləcəyini də təklif edib. O, görüşün “uyğun vaxtda” baş tuta biləcəyini bildirib.
Qeyd etmək lazımdır ki, Tramp Zelenski ilə görüşdən əvvəl Putinə zəng edib. Bir saatdan çox davam edən telefon danışığına münasibət bildirərkən, o, Rusiya tərəfinin nizamlanmaya nail olmaq istəyinə inandığını bildirib.
//Samir Qurbanov, Editor.az