"Sumqayıt"In yeni baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 1-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, serbiyalı mütəxəssis evdə qazanılan 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında bildirib ki, hesaba baxmayaraq, komandaya bir qədər vaxt lazımdır.
O, bəzi oyunçuların bir müddətdən sonra komandaya daha çox fayda verəcəyini deyib: "İlk ev oyununda qələbə qazandığımız üçün sevincliyik. İlk hissədə yaxşı oynadıq, amma fasilədən sonra problemlər yaşadıq. Bəzi oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Bunları nəzərə alıb, məşqlərdə aradan qaldırmağa çalışacağıq.
İkinci hissədə bir neçə əvəzetmə etdik və yeni oyunçular meydana daxil oldu. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 öndəsənsə, daha rahat və sadə oynamalısan. Lakin bəzi oyunçular bunu dərk eləmir. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyil. Ona görə də biz müəyyən əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər".
"Sumqayıt" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Ağdam klubu Çempionlar Liqasında "Ferensvaroş"la səfər matçından qayıtdıqdan sonra "Sumqayıt"la qarşılaşacaq. Baş məşqçi bu amilin onlar üçün üstünlük yaratmaq ehtimalından da danışıb: "Qarabağ"ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını da izləyirəm. "Ferensvaroş"la matç onlar üçün çətin olacaq, amma bizim üçün liqadakı matç bilmirəm avantaj olacaq, ya əksinə. "Qarabağ"la oyunda bu gün etdiyimiz kimi səhvlər etsək, bizim üçün yaxşı qurtarmayacaq".